Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Azərbaycanda hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları tərəfindən şəxsi jetonla təmin ediləcəklər.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişan hesab ediləcək.

Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin ediləcəklər.

Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bununla yanaşı, gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

Bildirilib ki, hərbi qulluqçular xidmət vəzifələrini yerinə yetirərkən müxtəlif risklərlə üzləşirlər. Xidməti fəaliyyəti ilə əlaqədar olaraq döyüş əməliyyatları və digər fövqəladə hallarda onların həlak olması və ya xəsarət alması (yaralanma, travma, kontuziya, tanınmaz hala düşməsi və sair) halları baş verə bilir. Belə vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ qaydada müəyyən edilməsi və onlara tibbi yardımın vaxtında və düzgün göstərilməsi (xüsusilə qan qrupu barədə məlumatların mövcudluğu baxımından) həyati əhəmiyyət daşıyır. Bu baxımdan, hərbi qulluqçuların beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyini sübut etmiş mexanizmdən - fərdi identifikasiya ilə təmin olunma üsulundan istifadəsinə zərurəti var. Bu məsələnin həlli üçün qanunvericiliyə "şəxsi jeton" anlayışı və istifadə qaydalarının əlavə edilməsi təklif edilir.

Bundan başqa, çağırışaqədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə yeni maddənin əlavə edilməsi təklif edilir. Bu sahədə vahid və sistemli qaydaların müəyyən edilməsi, həmçinin həmin qaydaların təsdiqi mexanizminin dəqiq tənzimlənməsinə ehtiyac var. Layihədə gənclərin çağırışaqədərki hazırlığının təşkili və həyata keçirilməsi ilə bağlı əsasnamənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulur. Bu yanaşma idarəetmədə çevikliyin və operativliyin artırılmasına xidmət etməklə yanaşı, aidiyyəti dövlət orqanları arasında səlahiyyət bölgüsünün daha aydın müəyyən edilməsinə, məsuliyyət mexanizmlərinin gücləndirilməsinə və çağırışaqədərki hazırlığın keyfiyyətinin yüksəldilməsi üçün əlverişli şərait yaradılmasına imkan verəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.