Azərbaycanda islam bankçılığı bazarının genişlənməsi gözlənilir - AÇIQLAMA

Azərbaycanda islam bankçılığı bazarının genişlənməsi gözlənilir

Azərbaycanda müvafiq qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsi ilə həm islam bankçılığı məhsulları təqdim edən bankların, həm də təqdim edilən məhsul çeşidinin sayının artması gözlənilir.

Bunu  Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə deyib.

O, müsahibəsində əvvəlcə Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantısının nəticələrindən, eləcə də bu tədbirin Azərbaycanın maliyyə sektoru, xüsusilə də islam maliyyəsinin inkişafı baxımından əsas töhfələrindən bəhs edib:

"İslam İnkişaf Bankı Qrupunun illik görüşləri üzv ölkələr arasında dialoq və tərəfdaşlıqların qurulması, eyni zamanda bilik mübadiləsi üçün mühüm platforma rolunu oynayır. Bu il ölkəmizdə keçirilən toplantı çərçivəsində imzalanmış sazişlər tədbirin həm İİB regionu, həm də ölkə iqtisadiyyatı üçün mühüm iqtisadi və strateji əhəmiyyətə malik olduğunu nümayiş etdirdi.

Maliyyə sektorunun inkişafı baxımından da forumun təsiri yüksək oldu. Hesab edirik ki, tədbir beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın möhkəmləndirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və Azərbaycanın regional maliyyə mərkəzi kimi tanınmasına mühüm töhfə verdi. Xüsusilə islam maliyyəsi sahəsində institusional əməkdaşlığın intensivləşməsi və islam maliyyəsi ekosisteminin qurulması baxımından bu toplantı əhəmiyyətli təkan oldu".

Xatırladaq ki, İİB Qrupunun İllik Toplantısı çərçivəsində ümumi dəyəri 6 milyard ABŞ dolları olan sazişlər imzalanıb. Baş direktor bu sazişlərin region üçün əhəmiyyətindən və Azərbaycanla bağlı imzalanan sənədlərin ölkənin maliyyə bazarının inkişafına təsirlərindən də danışıb. Ş. Mahmudzadə bildirib ki, toplantı çərçivəsində digər ölkələr və regional institutlarla imzalanmış sazişlər əsasən üzv ölkələrdə enerji təhlükəsizliyi, qida sistemləri və sosial layihələrin maliyyələşdirilməsinə yönəlib: "Bu sənədlər həmin ölkələrin sosial-iqtisadi inkişafını və İİB regionunda iqtisadi əməkdaşlığın güclənməsini dəstəkləyir.

Qeyd edək ki, toplantı çərçivəsində Qarabağ Suvarma Kanalının yenidən qurulması üçün təxminən 436,7 milyon ABŞ dolları həcmində maliyyələşdirmə sazişi imzalanıb. Bu sənəd ölkənin müvafiq iqtisadi sektoruna təsiri baxımından xüsusi əhəmiyyət daşıyır.

İmzalanan sənədlərin maliyyə sektoruna təsiri isə maliyyə bazarlarının dərinləşməsindən daha çox uzunmüddətli inkişaf maliyyəsinin əlçatanlığının artması və iri infrastruktur layihələrinin maliyyələşdirilməsi imkanlarının güclənməsi ilə bağlıdır".

Ş. Mahmudzadə eyni zamanda Azərbaycan Mərkəzi Bankının islam maliyyəsinin inkişafı istiqamətində həyata keçirdiyi normativ-hüquqi və institusional tədbirlərlə bağlı da fikirlərini bölüşüb. Bununla yanaşı, 2026-cı ildən islam bankçılığı məhsullarının tətbiqinə başlanılması ilə bağlı hazırlıq işlərinin hansı mərhələdə olması və ilk mərhələdə hansı məhsulların bazara çıxarılmasından da bəhs edib.

"İslam bankçılığının tətbiqi məqsədilə Mülki Məcəlləyə, Vergi Məcəlləsinə, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Dövlət rüsumu haqqında”, “Kredit Büroları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər layihəsi hazırlanmış və aidiyyəti dövlət qurumlarına təqdim edilib.

Dəyişikliklər layihəsi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış və yerli qanunvericiliyə uyğunlaşdırılıb. Məqsəd beynəlxalq standartları yerli hüquqi mühitlə uzlaşdırılmış və dayanıqlı şəkildə tətbiq etməkdir. Yaxın perspektivdə islam bankçılığının tətbiqi “islam pəncərələri” modeli çərçivəsində nəzərdə tutulur.

Qeyd edək ki, islam bankçılığına dair qanunvericilik aktlarına dəyişikliklər qüvvəyə mindikdən sonra “islam pəncərəsi” modeli çərçivəsində banklar tərəfindən aşağıdakı məhsulların təqdim edilməsi nəzərdə tutulur:

İstehsal və ya tikinti üçün sifariş əsaslı müqavilə növü — İstisna;

Satış əsaslı, yəni alqı-satqı maliyyələşməsi növü — Murabaha;

İcarə əsaslı maliyyələşmə növü — İjara. Bu məhsul ənənəvi bankçılıq fəaliyyətində maliyyə lizinqinin analoqu hesab olunur;

Bankla müştəri arasında mənfəət və zərərin bölüşdürülməsinə əsaslanan maliyyələşmə və əmanət növü — Mudaraba;

Tələbli depozitə bənzər əmanət əsaslı məhsul — Vadiə.

Bank olmayan kredit təşkilatları tərəfindən isə yalnız İstisna, Murabaha və İjara məhsullarının təqdim edilməsi nəzərdə tutulur.

Eyni zamanda hazırda Mərkəzi Bankın nəzarəti altında Xüsusi Tənzimləmə Rejimi çərçivəsində iki kommersiya bankı islam maliyyə məhsullarını sınaqdan keçirir. Azərbaycan Beynəlxalq Bankı ASC rəsmi hüquqi reyestrlərdə qeydə alınmış daşınar və daşınmaz əmlakın maliyyələşdirilməsi üçün Murabaha məhsulunu, Rabitəbank ASC isə həm Mudaraba, həm də Murabaha məhsullarını sınaqdan keçirir. Məhsulların sınaq müddəti 2 fevral 2027-ci il tarixinədəkdir", - deyə baş direktor bildirib.

Mərkəzi Bank rəsmisi müsahibəsində Azərbaycanda fəaliyyət göstərən bankların islam bankçılığı məhsullarının tətbiqinə marağı ilə bağlı suala cavabında bildirib ki, hazırda banklar tərəfindən islam bankçılığı məhsullarına müəyyən maraq var: "Qeyd etdiyimiz kimi, hazırda iki bank Xüsusi Tənzimləmə Rejimi çərçivəsində müştərilərə islam bankçılığı məhsulları təqdim edir.

Bu məhsulların pilot rejim çərçivəsində təqdim edilməsi əhalinin islam bankçılığına marağını ölçməklə yanaşı, bankların gələcəkdə islam bankçılığını daha geniş miqyasda tətbiq etməsi üçün institusional baza yaradır.

Növbəti mərhələdə qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsi ilə həm islam bankçılığı məhsulları təqdim edən bankların, həm də təqdim edilən məhsul çeşidinin sayının artması gözlənilir" .

Müvafiq hesabata əsasən, baza ssenarisi üzrə 2035-ci ilədək Azərbaycanda islam bankçılığı aktivlərinin 2,7 milyard ABŞ dollarına, optimist ssenari üzrə isə 3,6 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Ş. Mahmudzadə bu hədəflərə nail olmaq üçün hansı əsas şərtlərin yerinə yetirilməli olduğundan, həmçinin Mərkəzi Bankın bu prosesdə rolundan danışıb.

"İslam İnkişaf Bankı İnstitutu və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyasının hesabatında qeyd edilmiş hədəflərə nail olmaq üçün ilk növbədə müvafiq ekosistem qurulmalıdır.

Bu istiqamətdə Mərkəzi Bank tərəfindən öz mandatına uyğun olaraq tənzimləyici və nəzarət funksiyalarının yerinə yetirilməsi, maliyyə sabitliyinin monitorinqi və zəruri hallarda müvafiq tənzimləyici müdaxilələrin həyata keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda bazar iştirakçılarının və istehlakçıların maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi də bu prosesdə mühüm rol oynayacaq", - AMB rəsmisi vurğulayıb.

Baş direktor Şahin Mahmudzadə sonda qeyd edib ki, Azərbaycanda islam maliyyəsinin inkişafı və yeni islam maliyyəsi məhsullarının yaranması maliyyə sektorunun şaxələndirilməsinə töhfə verə bilər:

"Bu, əsasən Körfəz ölkələrindən maliyyə vəsaitlərinin cəlb edilməsi, dini etiqadları səbəbindən ənənəvi maliyyələşmə məhsullarından istifadə etməyən əhali və biznes subyektlərinin maliyyə sektoruna inteqrasiyası baxımından yeni imkanlar yaradır.

Eyni zamanda islam maliyyəsinin inkişafı maliyyə bazarı iştirakçılarının dairəsinin genişlənməsinə, maliyyə inklüzivliyinin artmasına və real sektorun maliyyələşdirilməsinin güclənməsinə xidmət edə bilər. Nəzərə almaq lazımdır ki, islam maliyyə məhsulları aktiv əsaslı xarakter daşıdığı üçün bu model real sektorla maliyyə sektoru arasında əlaqənin daha da möhkəmlənməsinə imkan yaradır.

Bu baxımdan islam maliyyəsinin inkişafı Azərbaycanın regional islam maliyyəsi mərkəzinə çevrilməsi perspektivlərini də gücləndirə bilər". (Trend)