Azərbaycanda ilk dəfə “Mədəni irs” Forumu keçirilib

Azərbaycanda ilk dəfə “Mədəni irs” Forumu keçirilib

Dekabrın 18-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” mövzusunda Forumu işə başlayıb.

Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil olunub.

Forumda mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək bildirib ki, Azərbaycanda mədəni irsin qorunması Ümummilli Lider Heydər Əliyevin ən çox diqqət göstərdiyi sahələrdən biri olub: “Ulu Öndər deyirdi ki, istənilən xalqı dünyada tanıdan ən önəmli xüsusiyyət onun mədəniyyətidir. Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir. Mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib”.

S.Yusifova Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsinin dövlət qeydiyyatına alındığını bildirib: “İşğal dövründə mədəniyyət abidələri məqsədli şəkildə dağıdılıb, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən tamamilə silinib. 2020-2022-ci illərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə də həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin - yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb. Hazırda Azərbaycanda dövlət mühafizəsinə götürülmüş 6 min 308 abidə mövcuddur”.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, Azərbaycan xalqının tarixi irsi dəryalar qədər hədsiz, sərhədsizdir. “Tarixi irsimiz təkcə bu torpaqlarda yox, dünyanın bir çox ölkələrində mövcuddur. Bu, azərbaycanlılar üçün çox qürurverici bir haldır”, - deyə o, diqqətə çatdırıb.

Tarixi irsimizin öyrənilməsinin qarşımıza böyük məqsədlər qoyduğunu qeyd edən İttifaqın sədri, bunların reallaşmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu olduğunu söyləyib: “Bu gün bu işi Prezident İlham Əliyev davam etdirir. Mədəni irsimizin qorunmasında Mehriban xanım Əliyevanın və onun başçılıq etdiyi Heydər Əliyev Fondun da böyük rolu var”.

E.Qasımzadə qeyd edib ki, Forumun nəticələri Azərbaycan xalqının irsinin öyrənilməsi və dünyada tanıdılması məqsədi daşımalıdır. Onun sözlərinə görə, tədqiqatlarda bilikli, bacarıqlı və böyük təcrübəsi olan insanlar həqiqi sözlərini deməlidirlər.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov “Mədəni İrs” Forumunda iştirakın hər kəs üçün vacib məsələ olduğunu bildirib: “Tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilməsi xüsusi məna daşıyır. Ulu Öndərin sənətə, yaradıcılığa olan marağı, rəssamlara göstərdiyi diqqəti xüsusi qeyd etmək lazımdır. Hazırda isə Prezident İlham Əliyev Azərbaycanı bütün platformalarda yüksək zirvələrə qaldırıb. Bizim də üzərimizə düşən vəzifə öz sənətimizi daha da inkişaf etdirməkdir”.

Daha sonra Azərbaycanın tarixi mədəni irsini nümayiş etdirən videoçarx nümayiş olunub.

Dekabrın 20-dək davam edəcək Forumda tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltəraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələr aparılacaq. Forumda mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar təşkil ediləcək.

Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, “Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri”, “Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar”, “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar”, “Təsviri sənət və müasir çağırışlar”, “Mədəni irs və müasir memarlıq- Şəhərsalma prinsipləri” mövzuları üzrə panellər təşkil olunacaq.

Panellərdə müvafiq sahələrin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılacaq.