Azərbaycanın öz fəaliyyəti beynəlxalq hüquqa əsaslanır

Azərbaycanın öz fəaliyyəti beynəlxalq hüquqa əsaslanır

Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə yeni əməkdaşlıq formatlarının yaradılması və birgə səylərin göstərilməsi xüsusi yer tutur. Bu baxımdan, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri böyük əhəmiyyət kəsb edir. Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən Memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Göründüyü kimi, Azərbaycanın xarici siyasətinin prioritetləri onun həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafında mühüm rol oynayır. 

Dövlət başçısı cənab İlham Əliyev fəxri qonaq qismində qatıldığı Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində bu məsələyə xüsusi diqqət yönəltdi. Belə ki, 2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılmasını ölkəmizə olan hörmətin və etimadın göstəricisi kimi qeyd edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

Mövlud Mirəliyev 
Göygöl Olimpiya İdman Kompleksinin direktoru