“Azercell” ilə “Yeni bağlar həyata bağlar”
Mobil operator müxtəlif yaş qruplarından olan insanlar üçün dünyanı daha yaxın edir.
Bu gün Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində “Azercell Telekom” tərəfindən həyata keçirilən yeni sosial layihənin təqdimatı baş tutdu. Lider operatorun əməkdaşlarından ibarət “Azercell Könüllüləri” qrupu və "Azeronline" şirkətinin dəstəyi ilə reallaşan layihə "Azercell" şirkətinin “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə bilavasitə bağlıdır və yaşından, sosial statusundan asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər rabitə imkanları yaratmaq, onlar üçün sürətli bağlantını və mobil interneti əlçatan etmək məqsədini daşıyır.
Layihə çərçivəsində Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində məskunlaşan 200-ə yaxın təqaüdçünün artıq yüksəksürətli internetdən rahat şəkildə yararlanmaq imkanı olacaq. Belə ki, şirkətin dəstəyilə müəssisənin əsas korpusunun dörd məntəqəsində "Azeronline" internet xətti çəkilib və əlavə olaraq 4G wifi cihazı hədiyyə edilib ki, bu da korpusda rahat şəkildə internetdən istifadə etməyə şərait yaradacaq. Əlavə olaraq, müəssisəyə hər ay yenilənən 25 GB internet paketi və internetin bəxş etdiyi üstünlüklərdən əyani şəkildə yararlanmağa imkan verəcək laptoplar, qulaqlıqlar və planşet cihazları da hədiyyə edilib.
Qeyd edək ki, müəssisənin sakinləri üçün "Azercell Könüllüləri" və şirkətin texniki əməkdaşları tərəfindən avadanlıqlar və internetdən istifadə ilə bağlı xüsusi təlimat proqramı da təşkil olunub. Müəssisəyə xüsusi ezam olunan Azercell Mobil Müştəri Xidmətləri isə sakinlərin mobil nömrə ilə bağlı əməliyyatlarını yerində həyata keçirməyə və bütün suallarını cavablamağa dəstək olub.
"Azercell"in bu sosial təşəbbüsü əlçatan və sürətli internet vasitəsilə ahıl yaşlı vətəndaşlarımızın həyatını daha aktiv və rəngarəng etməyə, onların həm yaxınları ilə ünsiyyətini, həm də xəbər portallarından, əyləncə kanallarından rahat istifadəsini təmin etməyə istiqamətlənib.