"Azercell"in xalis mənfəəti 130 milyon manata yaxınlaşır

"Azercell"in xalis mənfəəti 130 milyon manata yaxınlaşır

“Azercell Telecom” MMC 2022-ci ili 128,839 milyon manat xalis mənfəətlə başa vurub.

BusinessTime şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 6,33 % çoxdur.

Ötən il “Azercell Telecom”un əməliyyat gəlirləri 531,822 milyon manat (əvvəlki ilə nisbətən 8,1 % çox), əməliyyat xərcləri 362,528 milyon manat (5,47 % çox), maliyyə gəlirləri 1 354 min manat (2,3 dəfə az), maliyyə xərcləri 1 096 min manat (31,73 % çox), digər gəlirləri 1 854 min manat (10,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 42,567 milyon manat (56,91 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azercell Telecom”un aktivləri 1 020,182 milyon manat olub ki, bu da illik müqayisədə 12,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,28 % azalaraq 187,385 milyon manata, balans kapitalı isə 16,26 % artaraq 832,797 milyon manata çatıb.

Xatırladaq ki, “Azercell Telecom” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 42,08 milyon manatdır. Şirkətin əsas səhmdarı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-dir.