Enerji qiymətlərinin artımı mərkəzi bankları faizləri yüksəltməyə sövq edir

Yaxın Şərqdəki gərginlik enerji qiymətlərini və inflyasiyanı artıraraq faiz endirimi gözləntilərini dəyişib. İngiltərə Bankı noyabrın əvvəlində faiz dərəcəsini 4 faizə yüksəldib.

Enerji qiymətlərinin artımı mərkəzi bankları faizləri yüksəltməyə sövq edir
Foto: Anadolu Agentliyi

Yaxın Şərqdə enerji təchizatı ilə bağlı risklər və qiymət artımı fonunda İngiltərə Bankı noyabrın əvvəlində faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq 4 faizə çatdırıb. Bu barədə BusinessTime "Anadolu Agentliyi"nə istinadən xəbər verir.

ABŞ, İsrail və İran arasında müharibə Hörmüz boğazından daşınmaları təhdid etməkdə davam edir. "Brent" markalı neftin bir barelinin qiyməti oktyabrda 110 ABŞ dollarını keçsə də, noyabrın sonuna doğru 90 ABŞ dollarına enib. Bu qiymət bir il əvvəlki göstəricidən 45 faiz yüksəkdir.

Avropada əsas qiymət göstəricisi sayılan Niderland TTF təbii qazının bir meqavat-saatı 100 avronu keçərək 2022-ci ilin dekabrından bəri ən yüksək həddə çatıb. Sonradan qiymət təxminən 88 avro səviyyəsində sabitləşib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 160 faiz çoxdur.

Enerji qiymətlərinin təsiri ilə avrozonada illik inflyasiya oktyabrda 4 faizə yüksəlib. Böyük Britaniya və ABŞ-da da inflyasiya gözləntiləri üstələyib. Bazar iştirakçıları FED-in dekabrda faiz artırması ehtimalını 95 faiz qiymətləndirir, həmçinin "Avropa Mərkəzi Bankı"ndan ilin sonunadək artım gözləyirlər.

"JPMorgan Private Bank"ın 2027-ci il üzrə icmalına görə, izlənilən 37 əsas mərkəzi bankdan 17-si faiz artımını bərpa edib. Avropa Komissiyası və "S&P Global" isə pul siyasətinin sərtləşməsinin 2027-ci ildə qlobal iqtisadi artım üçün aşağı yönlü riskləri artırdığı barədə xəbərdarlıq edib.