Azərbaycan çinlilər üçün daha əlçatan olacaq
Noyabrın 6-da Şanxay şəhərində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə “China Eastern Airlines” şirkətinin sədri Wang Zhiqing arasında görüş keçirilib.
Görüşdə Heydər Əliyev Beynəlxalq Hava Limanının direktoru Teymur Həsənov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və baş icraçı direktorun müavini Rəşad Əliyev iştirak ediblər.
Görüş zamanı “China Eastern Airlines” şirkətinin Azərbaycana uçuşlara başlaması, iki ölkə arasında hava əlaqələrinin genişləndirilməsi və qarşılıqlı turist axınının artırılması imkanları müzakirə olunub.
Fuad Nağıyev Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın və yüksək səviyyəli münasibətlərin turizm əməkdaşlığının inkişafı üçün əlverişli zəmin yaratdığını vurğulayıb. Çinin Azərbaycanın prioritet turizm bazarlarından biri olduğunu qeyd edən Agentlik sədri bu ölkədə həyata keçirilən təbliğat fəaliyyəti, aparıcı səyahət platformaları ilə əməkdaşlıq və Azərbaycan Turizm Bürosunun Pekində açılmış ofisi barədə məlumat verib.
Fuad Nağıyev aviaşirkətin Azərbaycana uçuşlara başlamasına Dövlət Turizm Agentliyinin dəstək göstərməyə hazır olduğunu bildirib. Bu çərçivədə turizmin inkişafına dair dövlət proqramında nəzərdə tutulan subsidiya mexanizmləri, hava limanı güzəştləri və birgə marketinq imkanları müzakirə edilib.
“China Eastern Airlines” şirkətinin sədri Vanq Jiqinq Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlığın mülki aviasiya və turizm sahələrində ikitərəfli əməkdaşlıq üçün möhkəm təməl yaratdığını, qarşılıqlı viza tələbinin aradan qaldırılmasının aviasiya bazarının genişlənməsinə uzunmüddətli təkan verdiyini bildirib.
Şanxay və Bakı arasında birbaşa uçuşların böyük bazar potensialına və inkişaf perspektivlərinə malik olduğunu vurğulayan Vanq Jiqinq iki ölkə arasında turizm əlaqələrinin birgə inkişaf etdirilməsində və hava sərnişindaşımalarının artırılmasında maraqlı olduqlarını, bu istiqamətdə Dövlət Turizm Agentliyinin səylərini yüksək qiymətləndirdiklərini qeyd edib.
Qeyd edək ki, Çində Azərbaycanın turizm imkanları haqqında məlumatlılığın artırılması məqsədilə genişmiqayslı tanıtım tədbirləri həyata keçirilir. Çində keçirilən beynəlxalq turizm sərgiləri və tədbirlərində iştirak, Çinin Pekin, Şanxay, Quançjou, Şençjen, Çenqdu kimi böyük şəhərlərində silsilə təqdimat tədbirləri, turizm sənayesi nümayəndələri ilə əməkdaşlıq görüşləri, media və blogerlər üçün tanışlıq səfərlərinin təşkili, onlayn platformalarda marketinq fəaliyyətləri ilboyu davam etdirilir.
Bu fəaliyyətlər çərçivəsində 2026-cı il ərzində “Weibo”, “WeChat”, “Douyin”, “RedNote”, “SKYE” və “Bilibili” daxil olmaqla Çin Xalq Respublikasının sosial media platformalarında Azərbaycanın turizm potensialının təbliği həyata keçirilməyə başlanılıb, Çinin aparıcı səyahət platformalarından olan “CTRIP.com” və “FLİGGY” platformalarında mütəmadi olaraq Azərbaycanın turizm potensialını təbliğ edən reklam kampaniyaları yerləşdirilib.
2026-cı ilin 29 may tarixindən Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin fəaliyyətdədir. 2025-ci ilin 23 aprel tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”ə əsasən Çin vətəndaşları Azərbaycana vizasız səfər edirlər.
Hazırda Azərbaycan və Çin arasında Bakı-Pekin istiqamətində “Azərbaycan Hava Yolları” şirkəti (AZAL) vasitəsilə həftədə 3 dəfə, Bakı-Urumçi istiqamətində “Çin Cənub Hava Yolları” (“China Southern Airlines”) vasitəsilə həftədə 5 dəfə birbaşa uçuşlar həyata keçirilir.
2025-ci ildə Çindən Azərbaycana gələn xarici vətəndaşların sayı 2024-cü illə müqayisədə 41,7% artaraq 63 500 nəfərə, 2026-cı ilin yanvar-oktyabr aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 61 001 nəfərə çatıb.


