"Anthropic"in səhmləri 8,3 faiz ucuzlaşaraq IPO qiymətindən aşağı düşüb
"Claude"un yaradıcısı "Anthropic"in səhmləri Nyu-Yorkda ilkin hərraclarda 80,34 ABŞ dollarına enib. Şirkətin səhmləri birjaya 83 ABŞ dolları qiymətlə çıxarılmışdı.
ABŞ-ın süni intellekt şirkəti "Anthropic"in səhmləri çərşənbə axşamı 8,3 faiz ucuzlaşaraq ilkin kütləvi təklif (IPO) qiymətindən aşağı düşüb. Bu barədə BusinessTime "Anadolu Agentliyi"nə istinadən xəbər verir.
"Claude"un yaradıcısı olan şirkətin səhmləri Nyu-Yorkda ilkin hərraclarda 80,34 ABŞ dollarına enib. Bu, səhmlərin birjaya çıxarıldığı 83 ABŞ dolları qiymətindən aşağıdır. Bazar ertəsi hərraclar 87,64 ABŞ dolları səviyyəsində bağlanmışdı.
"Anthropic"in səhmləri noyabrın 19-da "Nasdaq"da 111,50 ABŞ dollarından ticarətə başlayıb. Həmin qiymət IPO qiymətindən 34 faiz yüksək idi. Son enişdən sonra səhmlər açılış qiymətindən təxminən 28 faiz aşağı düşüb.
Ucuzlaşma "Nasdaq Composite" indeksinin ilkin hərraclarda 1,8 faiz gerilədiyi vaxta təsadüf edib. Eyni vaxtda "Nvidia"nın səhmləri 6,5 faiz, "Advanced Micro Devices"in səhmləri 10 faiz, "SanDisk"in səhmləri isə 9,2 faiz ucuzlaşıb.
Əlavə 147 milyon səhm almaq hüququndan istifadə edildikdən sonra IPO üzrə ümumi daxilolmalar rekord 93,5 milyard ABŞ dollarına çatıb. Bunun təxminən 91,6 milyard ABŞ dolları komissiya və xərclər çıxılmadan "Anthropic"ə çatıb. Şirkət, həmçinin "Google", "Microsoft" və "Nvidia" da daxil olmaqla yeddi investorla 26 milyard ABŞ dollarlıq ayrıca özəl yerləşdirməni tamamlayıb.
Şirkətin üçüncü rübdə gəliri illik müqayisədə 1,4 milyard ABŞ dollarından 17 milyard ABŞ dollarına yüksəlib. Əməliyyat zərəri isə 3,1 milyard ABŞ dollarından 567 milyon ABŞ dollarına enib. "MSCI" noyabrın 30-da bazar bağlandıqdan sonra şirkəti qlobal indekslərinin iri kapitallı şirkətlər seqmentinə əlavə edəcəyini açıqlayıb. Dəyişiklik dekabrın 1-dən qüvvəyə minəcək.


