“Azgranata” yenidən zərər etdiyini açıqladı – Yığılmış zərər 11 milyonu keçib

“Azgranata” yenidən zərər etdiyini açıqladı

“Azgranata” MMC 2025-ci ili 1,7 milyon manat xalis zərərlə başa vurub. Şirkətin zərəri 2024-cü ildəki 1,9 milyon manatla müqayisədə 12,6% azalıb. Bununla belə, balansda yığılmış zərər 17,2% artaraq 9,7 milyon manatdan 11,4 milyon manata yüksəlib.

BusinessTime bunu şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir.

Şirkətin əsas əməliyyat gəlirləri 2025-ci ildə 16,2% artaraq 21,6 milyon manatdan 25,1 milyon manata çatıb. Satışın maya dəyəri 15,4% artaraq 12,8 milyon manat, ümumi mənfəət isə 17,1% artaraq 12,3 milyon manat olub. Ümumi əməliyyat xərcləri 15% artaraq 27,1 milyon manata yüksəlib. İnzibati xərclər 13,1% artaraq 13 milyon manat, digər əməliyyat xərcləri 134,7% artaraq 629,6 min manat olub, kommersiya xərcləri isə 5,4% azalaraq 711,4 min manata düşüb. Şirkətin əməliyyat zərəri 14,4% azalaraq 1,6 milyon manat təşkil edib.

“Azgranata”nın aktivləri il ərzində 87% artaraq 200,2 milyon manata yüksəlib. Öhdəliklər 18,5% artaraq 112,8 milyon manat, kapital isə 7,4 dəfəyə yaxın artaraq 87,4 milyon manat olub. Debitor borcları 43,4% artaraq 19,6 milyon manata, kreditor borcları 17,4% artaraq 111,6 milyon manata çatıb.

Pul vəsaitləri 67,6% artaraq 2,7 milyon manat, ehtiyatlar 16,8% artaraq 31,6 milyon manat olub. Digər qısamüddətli aktivlər 2 608,4% artaraq 287,1 min manatdan 7,8 milyon manata yüksəlib.

Xatırladaq ki, “Azgranata” 2011-ci ildən fəaliyyət göstərir və alkoqollu və alkoqolsuz içkilər, o cümlədən meyvə şirələri, şərab və digər içkilərin istehsalı ilə məşğuldur. Şirkətin zavodu Ağsu rayonunda yerləşir. 2025-ci ilin sonuna “Azgranata”nın nizamnamə kapitalı 98,8 milyon manat olub. (Banker.az )