Azərbaycan Rumıniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Rumıniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.

BusinessTime XRİTDX-yə istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general–leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniyaya səfəri çərçivəsində imzalanıb.

Memorandumu Azərbaycan tərəfindən İlqar Musayev, qarşı tərəfdən isə Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutununun rəhbəri Dr. Adrian Viktor Vevera imza atıb.

İmzalanan sənədə əsasən hər iki ölkə kibertəhlükəsizlik sahəsində siyasət və inkişaf strategiyası, kiber diplomatiya, bulud həllərinin təhlükəsizliyi, əşyaların interneti, ağıllı şəhər konsepsiyalarında kibertəhlükəsizlik, “big” data, yüksək səviyyəli domen sistemlərində blokçeyn tətbiqi, süni və artırılmış intellekt sahələrində birgə tədiqatların aparılması sahəsində əməkdaşlıq edəcək.

Səfər zamanı həmçinin XRİTDX-nin rəisi general–leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heəyəti həmçinin Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutununun rəhbəri Dr. Adrian Viktor Vevera və digər rəsmilərlə görüş keçirib. Daha sonra nümayəndə heyəti institutun fəaliyyət istiqamətləri, müəllifi olduğu elmi, texniki-texnoloji həlləri ilə tanış olmuş, gələcək mümkün əməkdaşlıq istiqamətlərini İnstitutunun rəhbərliyi ilə müzakirə edib.