Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib

Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib

Ordubad Rayon İcra Hakimiyyətində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun şəhid anaları və şəhid xanımları ilə görüş və rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlar, idarə, müəssisə, təşkilatlarda çalışan qadınların iştirakı ilə ümumrayon tədbiri  keçirilib. 
 
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək bütün qadınları bayram münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən, milli-əxlaqi dəyərlərimizin, adət və ənənlərimizin keşiyində şərəflə dayanmalarından, Azərbaycanımızın çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevrilmək yolundakı xidmətlərindən bəhs edib. 
 
Çıxış edənlər qeyd ediblər ki, keçmişimizin unudulmaz səhifələrindəki və bugünümüzdəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual  potensialından xəbər verir. Çıxışlarda anaların, qadınların cəmiyyətdəki rolunun əvəzedilməz olduğu, Azərbaycan qadınının dünyanın ən fədakar, tarixən öndər, sərkərdə, hökmdar qadın olduğu bidirilib.

Ümumrayon tədbirinin bədii hissəsində isə qadınlara rayon Mədəniyyət İdarəsinin solistlərinin və rəqs qruplarının ifalarında maraqlı musiqi  və rəqs nümunələri, Kazım Ziya adına Ordubad Xalq Teatrının aktyorlarının hazırladığı səhnəcik təqdim olunub.