Bəzən valideyn övladının çantasından günlərlə xəbərdar olmur
“Son günlər ölkənin təhsil sektorunda müşahidə edilən xoşagəlməz olaylarda təkcə bu sahəyə cavabdeh olan dövlət qurumları və təhsil müəssisəsi, onun rəhbərliyi deyil, eyni zamanda valideynlər də günahkardır, məsuliyyət daşıyır. Çünki məktəblinin tərbiyəsi ilə yalnız təhsil müəssisəsi məşğul olmalı deyil. Məktəblə yanaşı, valideyn də məktəblinin tərbiyəsinə ciddi diqqət yetirməldir”.
Bu fikirləri Newscenter.az-a “Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. O bildirib ki, baş verən hansısa mənfi hallarda, neqativ hadisələrdə birtərəfli qaydada təhsili, bu sahəyə aid olan qurumları günahlandırmaq doğru yanaşma deyil:
“Bu günlərdə Gəncə şəhərindəki məktəblərin birinin qarşısında məktəblinin bıçaqlanaraq qətlə yetirilməsi hər birimizi üzdü. Xüsusilə, belə bir cinayətin məktəb ərazisində baş verməsi ciddi narahatçılıq doğurdu. Ancaq gərək məsələnin digər tərəfinə də diqqət çəkək? Məgər məktəbə bıçaqla gəlməyi şagirdə təhsil müəssisəsində öyrədiblər? Təbii ki, yox. Mən demirəm ki, uşaq bunu ailədə öyrənib, valideynləri onun məktəbə bıçaqla getməsindən məlumatlı olublar. Əsla. Sadəcə valideynin burada günahı ondan ibarətdir ki, əksər hallarda valideynlər övladının hansı mühitə düşməsinin fərqində olmurlar. Yaxud bunu bilir, lakin heç bir ölçü götürmürlər. Nəticədə bu cür xoşagəlməz hadisələr baş verir”.
İctimai birlik sədri deyib ki, məktəb şagirdə təhsil verməkdə cavabdeh olduğu qədər, valideyn də övladının tərbiyəsində məsuliyyətli olmalıdır:
“Təəssüf hissi ilə deyərdim ki, bəzən valideyn ibtidai sinfə gedən övladının çantasından günlərlə xəbərdar olmur, onu açıb yoxlamır. Yaxud, valideyn məktəbə uşağından bir neçə saatlıq canının qurtardığı məkan, qulağının dinc qaldığı zaman prizmasından yanaşır”.