Birgə əməkdaşlığa dair memorandum imzalanıb

Birgə əməkdaşlığa dair memorandum imzalanıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Sənədi komitənin sədri Bahar Muradova və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıblar.

Bildirilib ki, qarşılıqlı razılaşmanın əldə olunmasında əsas məqsəd gender bərabərliyi, qadınların məşğulluğunun artırılması, onların ictimai həyatda fəal iştirakının təşviqi, aztəminatlı ailələrdə böyüyən qızların təhsilinə dəstək, fiziki məhdudiyyətli şəxslərin və onların övladlarının cəmiyyətə inteqrasiyası, həmçinin digər müvafiq istiqamətlərdə sosial əhəmiyyətli birgə tədbirlərin həyata keçirilməsidir.

İmzalanma mərasimindən əvvəl çıxış edən Bahar Muradova Dövlət Komitəsi tərəfindən sosial layihələrin çərçivəsinin getdikcə genişləndirildiyini, həm müvafiq dövlət orqanları, həm biznes dairələri, həm beynəlxalq qurumlar, həm də qeyri-hökumət təşkilatları ilə intensiv əməkdaşlığın aparıldığını diqqətə çatdırıb.

Korporativ sosial məsuliyyət tədbirlərinə diqqət çəkən komitə sədri bu istiqamətdə görülən işlərin sistemli xarakter alması, nəticəyönümlü olması və hədəf qruplarının düzgün müəyyənləşdirilməsi edilməsi məqsədilə belə sənədlərin imzalanmasının önəmini vurğulayıb.

B. Muradova qarşılıqlı əməkdaşlığın gələcəkdə daha geniş spektrləri əhatə edəcəyinə də inamını bildirib.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxışında qeyd edib ki, Cəmiyyət BMT-nin 2030-cu ilədək dövrü əhatə edən 17 Dayanıqlı İnkişaf Məqsədinə, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq məsuliyyət zonalarında Dayanıqlı İnkişaf Məqsədlərini diqqətdə saxlayır, dövlətimizin sosial sahədə yürütdüyü siyasətə töhfəsini verir. Bildirilib ki, hasilat və istehsalat fəaliyyəti həyata keçirilən bölgələrdə yerli icmaların hərtərəfli dəstəklənməsi, o cümlədən məşğulluq, təhsil, sağlamlıq və digər istiqamətlərdə inkişafı yönündə ardıcıl, sistemli layihələr icra edilir. Bu layihələr sırasında qadınların məşğulluğu, uşaqların fərdi inkişafı, fiziki məhdudiyyətli şəxslərin sosial həyata inteqrasiyası ilə bağlı məsələlər də xüsusi yer tutur.

Z.İbrahimov, həmçinin komitə ilə tərəfdaşlıq əlaqələrinin yaradılmasının qeyd olunan istiqamətlər üzrə fəaliyyətin daha da genişləndirməsi və effektivliyinin artırılmasına əlavə töhfələr verəcəyinə əminliyini bildirib.

Çıxışlardan sonra imzalanma mərasimi keçirilib.