BRAVO Milli Mətbuat Günü ərəfəsində media nümayəndələri ilə görüş keçirdi
Milli Mətbuat Günü ərəfəsində ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən olan BRAVO supermarketlər şəbəkəsi media nümayəndələri ilə səmimi görüş təşkil edib.
Səhər yeməyi formatında keçirilən tədbirdə televiziya, radio, xəbər saytları və rəqəmsal məzmun istehsalçıları (influencerlər) iştirak ediblər. Görüşün əsas məqsədi media nümayəndələri ilə bir araya gələrək əməkdaşlığın inkişafı, qarşılıqlı fikir mübadiləsi və gələcək layihələr ətrafında açıq dialoq aparmaq olub.
Tədbirdə BRAVO-nun Baş İcraçı Direktoru Jaime Teixeira, Baş Kommersiya Direktoru Zaur Qarayev, Marketinq və Gəlir Artımı üzrə Direktoru Aynura Seyidova və Əməliyyatlar üzrə Direktoru Ewan McMahon media nümayəndələrini salamlayaraq onların cəmiyyətin operativ və obyektiv məlumatlandırılmasında oynadığı mühüm rolu vurğulayıblar. Çıxışlarda media ilə qurulan etibarlı əməkdaşlığın BRAVO üçün xüsusi əhəmiyyət daşıdığı, şəffaf kommunikasiyanın və qarşılıqlı etimadın şirkətin əsas dəyərlərindən biri olduğu qeyd edilib.
Səmimi və interaktiv atmosferdə keçən görüş zamanı media nümayəndələri ilə istehlakçı davranışları, kommunikasiya strategiyaları və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları onları maraqlandıran sualları ünvanlandırmaq, təklif və rəylərini bölüşmək imkanı əldə ediblər.
BRAVO rəhbərliyi media nümayəndələrinin ölkədə peşəkar jurnalistikanın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirərək, Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, redaksiya kollektivlərini və media sahəsində fəaliyyət göstərən hər kəsi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşün sonunda qonaqlara BRAVO adından xatirə hədiyyələri təqdim olundu və tədbir səmimi söhbətlər fonunda davam etdi.
BRAVO bundan sonra da media ilə açıq, şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlığını davam etdirməyi, cəmiyyət üçün faydalı layihələrin həyata keçirilməsində informasiya tərəfdaşları ilə birgə fəaliyyət göstərməyi prioritet istiqamətlərindən biri kimi qiymətləndirir.



