Şəfəq Mehrəliyeva: Jurnalistika təhsilinə fəlsəfə fənləri qayıtmalıdır

Şəfəq Mehrəliyeva: Jurnalistika təhsilinə fəlsəfə fənləri qayıtmalıdır

Milli mətbuatımız 151 illiyini qeyd edərkən Azərbaycan mediası mühüm dönüş nöqtəsində durur. Süni zəkanın inkişafı ilə gözlədiyimiz inqilabi dəyişikliklər fonunda jurnalistika əsas missiyasına – ictimai maraqların müdafiəsinə sadiqliyini bəyan etməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının təsisçi direktoru, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva səsləndirib.

O vurğulayıb ki, bu gün jurnalistin rolu informasiya yaymaqdan daha çox reallığın etibarlı bələdçisi olmaqdır. Onlayn mediaya çıxışı olan hər kəs anında məlumat dərc edə bilirsə, ənənəvi jurnalistikanın əsas missiyası operativliyi ikinci plana keçirərək etimadı, dəqiqliyi və məzmunu təmin etməkdir. Bu isə yalnız texnoloji bilikdən deyil, məlumat bolluğu şəraitində ictimai maraqların nədən ibarət olduğunu dəqiq anlamaqdan keçir.

"Gələcək nəsil jurnalistlərin rəqəmsal dövrdə hazırlanmasında ali təhsil müəssisələri fəlsəfə fənlərini mütləq media təhsilinin özəyinə qoymalıdır. Belə ki, bununla da ictimai marağın səsinə çevriləcək peşə sahibləri media mühitində sürət dəqiqliklə, sünilik təbiiliklə, şəxsi həyatın toxunulmazlığı ictimai maraqla toqquşduqda anlıq instinktlərə deyil, dərin etik prinsiplərə söykənərək qərar versinlər.

Rəqəmsal bacarıqları olan jurnalist nəyin baş verdiyini təqdim edə bilər, amma fəlsəfi bazaya malik jurnalist bunun nə üçün mühüm olduğunu və irəli sürülən iddiaların tənqidi təfəkkürə tab gətirib-gətirmədiyini izah edir.

Fəlsəfə jurnalistikanı dəyərlərə və sosial məsuliyyətə bağladığı təqdirdə, mətbuatımız rəqəmsal dünyada öz mayaklarını heç zaman itirməyəcək. Rəqəmsal imkanları fəlsəfi yanaşma və etik prinsiplərlə birləşdirməklə Azərbaycan mediası həqiqətin, maarifçiliyin və ictimai etimadın sütunu olaraq qalmağa davam edəcək", - deyə Ş.Mehrəliyeva əlavə edib.