Bu gün Azərbaycan bölgədə sülhün və sabitliyin tərəfdarıdır - RƏY
Bu gün Azərbaycan və Macarıstan dövlətləri arasında olan dostluq əlaqələrinin səviyyəsi, həm ölkələrimiz üçün, həm də Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlərdə də həqiqətən Macarıstan və Azərbaycanın dost ölkələr olduqları öz əksini tapır. Əminliklə demək olar ki, iki ölkə arasında olan dostluq münasibətləri sözdə deyil, əməldə öz əksini tapır. Hər iki ölkə başçılarının qarşılıqlı səfərləri, Türk Dövlətləri Birliyi çərçivəsində keçirilən görüşlər münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
Bu günlərdə Ölkə başçısı cənab İlham Əliyevin dost Macarıstana işgüzar səfəri növbəti dəfə əhəmiyyətli hadisələrlə yadda qaldı. Möhtərəm Prezident bu ölkədə mətbuata verdiyi bəyanatında bir çox məsələlərlə yanaşı Azərbaycanın tarixi Zəfərindən, suverenliyini qazanmasından bəhs etdi. Bəli, ölkəmiz 2020-ci ilin payızında tarixinin ən mühüm dönüş nöqtələrindən birini yaşadı. 44 günlük Vətən müharibəsi ölkəmizin beynəlxalq hüquqa və xüsusilə də Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə əsaslanaraq həyata keçirdiyi qanuni və legitim bir hərbi əməliyyat idi. Bu müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini təmin etdi. Azərbaycan, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq - yəni dövlətlərin özünümüdafiə hüququ çərçivəsində - müharibəyə başlamış və 44 gün ərzində böyük bir əzmkarlıqla torpaqlarını azad etmişdir. Bu müharibə yalnız hərbi uğur deyil, həm də milli birlik və iradənin parlaq təzahürü idi. Müharibə müddətində Azərbaycan ordusu bir addım belə geri çəkilməmiş, bütün istiqamətlərdə irəliləmiş və son nəticədə düşməni sülhə məcbur etmişdir. Ordumuzun vətənpərvərlik ruhu sayəsində bir nəfər də olsun fərari qeydə alınmamışdır. Ermənistan tərəfi isə öz etiraflarına əsasən 12 min fərari vermişdi - bu fakt iki ölkənin milli ruh və döyüş əzmi baxımından necə fərqləndiyini bir daha göstərir.
Müharibənin nəticəsi olaraq 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat Ermənistanın məğlubiyyətini və Azərbaycanın tarixi zəfərini rəsmiləşdirdi. Bu prosesin davamı olaraq, 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz konstitusiya quruluşunu tam bərpa etdi və suverenliyini bütün ərazisində təmin etdi. Bu, yalnız hərbi və siyasi baxımdan deyil, həm də hüquqi müstəvidə ədalətin bərqərar olması demək idi.
Bu gün Azərbaycan bölgədə sülhün və sabitliyin tərəfdarıdır. Hədəfimiz düşmənçilik səhifəsini bağlamaq, yeni əməkdaşlıq imkanları yaratmaq və regionu davamlı inkişaf və tərəqqi məkanına çevirməkdir. Ancaq bu sülh və sabitliyin əsasında hər zaman milli suverenliyin və beynəlxalq hüququn təmin edilməsi dayanmalıdır. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfər, bir millətin ədalətə və haqq səsinə əsaslanaraq öz torpaqlarını necə azad edə biləcəyinin bariz nümunəsidir.
Ataş Əsədov
Neftçala rayonu

