Bu məhsullar keyfiyyətini tez itirə bildiyi üçün qida zəhərlənmələrinə səbəb ola bilər
Alıcılar yarımfabrikat, dondurulmuş xəmir məhsullarının doğru saxlanılmasına diqqət etməlidirlər. Donu açılmış və bir neçə dəfə dondurulmuş məhsullarda mütləq deformasiya olur və alıcılar bunu məhsulun xarici görünüşündən anlaya bilərlər.
Havalar soyuyan kimi xəmir yeməklərə tələbat artır. Bu yeməklərin hazırlanması isə elə də asan başa gəlmir. Amma düşbərə, xəngəl, pelmeni kimi məhsulları marketdən hazır şəkildə alanlar da az deyil. Bu məhsullar marketlərdə yarımfabrikat şəkildə satılır. Aldıqdan sonra sadəcə suya atıb bişirmək qalır. Bəs bu qidalar nə dərəcədə təhlükəsizdir?
Markalanma qanunu tam icra edilmir
İstehsal meneceri Sayat Quliyeva deyir ki, mağazalarda yarımfabrikat kimi satılan qeyd edilən qidalara uzun müddət qalması üçün müxtəlif əlavələr edilir: “Hazır dondurulmuş xəmir, xəmirdən hazırlanmış məhsullar yerli istehsal və idxal məhsulları olaraq mövcuddur. Yağlı qat-qat xəmirlər, hazır pizzalar idxal, xəngəl, düşbərə, türk mantısı kimi qidalar isə yerli məhsullardır. İdxal olunan məhsullar daha uzun müddətlidir. Belə məhsulların uzun müddət (minimum bir il) qalması üçün təbii ki, konservantlardan, rənglərdən, dadlandırıcılardan istifadə edilir. Yerli istehsal olan məhsullar isə şəffaf paketlərdə qablaşdırılır və saxlanma müddəti 72 saatdan 3 aya qədər dəyişir. Markalanma qanunu tam icra edilmir və müşahidələr göstərir ki, bəzi hallarda istehsalçılar xəmirdə yumurta istifadəsini rənglərlə əvəzləyirlər”.
Bu məhsullar tələb olunan temperaturda saxlanılmazsa...
S.Quliyevanın sözlərinə görə, belə məhsullar keyfiyyətini tez itirə bildiyi üçün qida zəhərlənmələrinə səbəb ola bilər: “Bu məhsullar xüsusilə də tərkibində ət, göyərti, süd məhsulları və digər əlavələr olan məhsullardır. Eyni zamanda yarımfabrikat (tam emal edilməmiş) olaraq satışı həyata keçirilir və uzun saxlanma müddətinin olması məhsulların tərkibində qatqıların - yəni E qrupuna aid konservantların olmasını bildirir. Mikrobioloji olaraq riskli məhsullardır, mütləq mənfi dərəcədə saxlanılmalıdır. Əgər bu məhsullar tələb olunan temperaturda saxlanılmazsa, donu açılıbsa, yenidən dondurulması zamanı tərkibindəki fiziki-kimyəvi və mikrobioloji göstəricilər pozulur və məhsul keyfiyyətini itirir. Məhsulun təhlükəsizliyi daşınma, saxlanma zamanı nəzərə alınmazsa, nəticədə istehlakçılar keyfiyyətsiz məhsul əldə etmiş olurlar. Keyfiyyətini itirən bu tipli məhsullar qida zəhərlənməsinə gətirib çıxarır. Daimi istifadə zamanı tərkibindəki konservantlara görə də törəmə xəstəliklərin yaranması qaçılmazdır”.
Məlumat hissəsində nələrə diqqət etməli?
İstehsal menecerinin fikrincə, məhsulun üzərində bütün detallar aydın şəkildə qeyd olunmalıdır: “Bu tipli yarımfabrikat dondurulmuş məhsulların doğru saxlanılmasına diqqət etməlidirlər. Donu açılmış və bir neçə dəfə dondurulmuş məhsullarda mütləq deformasiya olur və alıcılar bunu məhsulun xarici görünüşündən anlaya bilərlər. Məhsulun qablaşdırılmasında qeyd edilən məlumatlara tərkibi, tərkibindəki əlavələrin, xüsusilə də ətlərin mənşəyi, saxlanma müddəti, hansı kateqoriyadan olan istehlakçıların istifadə edə bilmələri, hazırlanma qaydası və sair daxildir. İstehlakçılardan xahiş olunur ki, qablaşdırılmasında dolğun məlumat əldə edə bilmədikləri məhsullardan istifadə etməsinlər”.

