Daha 12 yeni milli standart təsdiq olunub

Daha 12 yeni milli standart təsdiq olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində standartlaşdırma” (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən əməyin təhlükəsizliyi və idarəetməsi üzrə növbəti 12 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi qəbul edilib.
 
Yeni standartlar sağlamlıq, təhlükəsizlik, idarəetmə və texniki səmərəlilik tələblərini əhatə edir və Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanıb.
 
Təsdiq edilmiş 12 yeni standart təşkilatlarda əməyin mühafizəsi, işə qəbul, karyera, peşə rəhbərliyi, biliklərin idarə edilməsi üçün effektiv idarəetmə sisteminin yaradılması, tətbiqi, saxlanılması, nəzərdən keçirilməsi və təkmilləşdirilməsi ilə bağlı tələbləri müəyyənləşdirir və təlimatlar verir.
 
Bu standartların tətbiqi təşkilatın ehtiyaclarını qarşılamaqla yanaşı potensial təhlükələri minimuma endirmək, təlim və inkişaf, effektiv kadr idarəçiliyinin qurulması, saxlanılması üçün tətbiq edilməli olan alətlər baxımından mühüm əhəmiyyət kəsb edir və davamlı şəkildə təkmilləşmə planı yanaşmasından istifadə etməyə təşviq edir.
 
Dövlət Əmək Müfəttişliyi Xidməti ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, SOCAR, KOBİA, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təmsil olunduğu Texniki Komitə əmək sahəsi üzrə yeni standartların hazırlanması istiqamətində fəaliyyətini davam etdirir.
 
Qeyd edək ki, əmək sahəsində 2025-ci il üzrə planlaşdırılan 111 standartdan 88-i artıq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi qəbul olunub.