Dövlətə borcunu tam ödəməyən “Kontakt Home” kredit təşkilatının sərmayəsini daha 8 milyon artırıb

Dövlətə borcunu tam ödəməyən “Kontakt Home”

Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkətinə məxsus “Nova Credit” BOKT-nin nizamnamə kapitalı kəskin artırılıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, kredit təşkilatının nizamnamə kapitalı 1 milyon manatdan 9 milyon manata çatdırılıb.

Qeyd edək ki, “Nova Credit” BOKT-nin sahibi “ABC-Telecom” şirkətidir. Bu kredit təşkilatı 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi “ABC-Telecom”un icraçı direktoru İsrafilzadə Həsən Fazil oğludur.

“ABC-Telecom” isə ötən ilin oktyabrından bəri dövlət qarşısında borcla üzləşib və həmin vaxt şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 7 672 122,25 manat vergi borcunun olduğu üzə çıxıb.

Sonradan şirkət bu borcun miqdarını həmin ilin noyabrında 6 704 191,98 manata, dekabrında isə 5 932 393.93 manata, cari ilin əvvəlində isə 5 593 088.49 manata endirə bilib. “ABC-Telecom” şirkətinin hazırda bu borcunun miqdarı 2 973 256.89 manat təşkil edib.

Beləliklə, “ABC-Telecom” ötən ilin oktyabrın 27-dən bu günə kimi dövlətə 4,7 milyon manat borc ödəməyə məcbur edilib ki, bu da ümumi borcun təxminən 61%-i deməkdir.

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur.

Qeyd edək ki, ötən ilin noyabr ayında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkətinin haqsız rəqabətə yol verdiyi ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, mağazalar şəbəkəsinin “HOFFMANN” markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi, məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə etməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaratdığı və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozduğu müəyyən edilib. Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə “ABC-Telecom”a icrası məcburi göstərişlər verilib. Xatırladaq ki, “ABC-Telecom” 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və “Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir.