Dünyada bənzəri olmayan soyqırımı aktı – Xocalı qətliamı

Dünyada bənzəri olmayan soyqırımı aktı –

Azərbaycan tarixinin ən dəhşətli, qanla yazılmış və ürək ağrısı ilə xatırladığımız səhifələrindən biri olan Xocalı soyqırımından artıq 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə dəhşətli və ağılasığmaz üsullarla misli görünməmiş vəhşilik törədildi.

Qədim tarixə malik Xocalı şəhərimizdə törədilmiş soyqırımı aktı bəşər tarixinə erməni faşistlərinin siması kimi həkk olunub. Xocalı soyqırımı Holokost, Orodur, Lidisa, Xatın, Sonqmi, Srebrenista kimi dəhşətli faciələrlə bir sırada dayanır. Bütün beynəlxalq hüquq normalarını tapdamaqla həyata keçirilmiş bu vandalizm aktı təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət aktı idi. Xocalı qırğını, əslində, dünya erməniliyinin türk soyuna qarşı barışmaz düşmənçiliyinin təzahürü idi. İnsanları etnik mənsubiyyətinə görə məhv etməkdən çəkinmədiyini nümayişkaranə şəkildə ortaya qoyan Ermənistan silahlı quldur dəstələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə qədim Azərbaycan yurdu Xocalını işğal edərək şəhəri qan gölünə çevirdi. Həmin gün dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik, qəddarlıq həyata keçirildi. Uşaqlara, qocalara, qadınlara belə rəhm edilmədən həyata keçirilən bu qanlı olay erməni xislətinin göstəricisi kimi tarixə qanla yazıldı. Soyqırım zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla bağlı barışmaz mövqeyimizi sarsıda bilmədi, bizi daha da mətinləşdirdi. Dünyada bənzəri olmayan soyqırımı aktı kimi tarixə düşən Xocalı faciəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmaq Ümummilli Lider Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində həyata keçib. Ulu Öndər Xocalı faciəsinin 200 ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu vurğulayaraq deyirdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür”. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.

Ümummilli Liderin siyasətini layiqincə davam və inkişaf etdirən Müzəffər Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində dünya ictimaiyyəti Ermənistan hökumətinin siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasətinin dayandığının şahidi oldular. Artıq Xocalıda narahat gəzən ruhlar şaddır. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən Müharibəsində Şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə bərabər Xocalı faciəsi qurbanlarının və doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin qisasını aldılar. Şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Filarə İsmayılova;
Neftçala rayon ziyalısı, Şəhid anası