Dünya atletikası tarixində ilk dəfə: böyük çempionat Afrikada keçiriləcək
Keniyanın paytaxtı Nayrobi 2029-cu ildə Dünya Atletika Çempionatına ev sahibliyi edəcək.
BusinessTime Athletics Africa-ya istinadla xəbər verir ki, qərar Dünya Atletika Şurasının Budapeştdə keçirilən iclasında qəbul edilib. Bununla da dünya çempionatı tarixində ilk dəfə yarış Afrikada keçiriləcək.
Nayrobi 2029-cu ildə dünyanın ən güclü atletlərini qəbul edəcək. Bundan iki il sonra isə çempionat Almaniyanın Münhen şəhərində keçiriləcək.
Keniyanın atletikada güclü ənənələri var. Ölkə Dünya Atletika Çempionatlarının tarixində ən çox medal qazanan dövlətlərdən biridir və 2025-ci ildə Tokioda keçirilən yarışda 7 qızıl olmaqla 11 medal əldə edib.
2029-cu il çempionatının Afrikada keçirilməsi qitədə atletikaya marağın artırılması və böyük beynəlxalq idman yarışlarının regiona gətirilməsi baxımından da əlamətdar hadisə olacaq.


