“Əhmədli” stansiyasında yeni işıqlandırma sistemi quraşdırılıb

“Əhmədli” stansiyasında yeni işıqlandırma sistemi quraşdırılıb

“Bakı Metropoliteni” QSC-nin stansiyalarında işıqlandırma sisteminin mərhələli yenilənməsi tədbirləri daha bir stansiyada tamamlanıb. “Əhmədli” metrostansiyasında işıqlanma sistemi köhnəldiyi və hərəkətin təşkili prinsiplərinə cavab vermədiyi üçün yeni müasir və elektrik enerjisinə qənaət edən LED lampalar quraşdırılıb.

QSC-dən bildirilib ki, yeni işıqlandırma sistemi stansiyanın platformasını və stansiya yollarını tam əhatə edib. Platformada istismar müddətini başa vurmuş, habelə enerji sərfiyyatı daha çox olan 36 Vt-lıq 4 lampalı 78 çıraq sökülərək çıxarılıb. Onların əvəzinə 1 ədədi 48 Vt olan 63 yeni və müasir LED panel quraşdırılıb. Stansiya yollarında da, müvafiq olaraq, 2 lampalı (36 Vt) 72 çıraq hərəsi 48 Vt gücündə 31 LED panellə əvəzlənib. Yeni led lampalar sərfiyyat və qənaət baxımından çox əlverişli olması ilə yanaşı, stansiyada optimal işıqlandırmanı təmin edir. Yeni sistem stansiyanın memarlıq ansamblının estetik görkəminə xələl gətirmədən platformanın ümumi dizaynına əlavə rəng çaları qatır və onu daha qabarıq büruzə verir. Yeniləmə tədbirləri işıqlandırma sisteminin dəyişdirilməsinə ehtiyac duyulan digər stansiyalarda müvafiq plan üzrə davam etdiriləcək.

Qeyd edilib ki, buna qədər “Cəfər Cabbarlı”, “Nizami”, “Elmlər Akademiyası” və “20 Yanvar” stansiyalarında eyni işlər yerinə yetirilib.