Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.
Qərargahın rəhbəri Samir Nuriyev iclası açaraq, fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərində Azərbaycan xalqının öz güclü liderinə olan inamını və etimadını, dövlətimizin başçısının ölkəmizin inkişafı yolunda həyata keçirdiyi qətiyyətli siyasətə dəstəyini bir daha ifadə etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, builki seçkilərin əsas xüsusiyyəti və önəmi ondadır ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq xalqımız ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş qalib ölkənin vətəndaşları olaraq seçkidə iştirak ediblər. Budəfəki seçkinin ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və işğaldan azad edilmiş digər yerlərdə keçirilməsinin hər bir azərbaycanlı üçün tarixi və qürurverici hadisə olduğu vurğulanıb.
İşğaldan azad edilmiş ərazilərdə dövlətimizin başçısının verdiyi tapşırıqlara uyğun olaraq ötən dövr ərzində genişmiqyaslı yenidənqurma və bərpa tədbirlərinin görüldüyü, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı istiqamətində işlərin planlı və əlaqələndirilmiş şəkildə davam etdirildiyi Qərargahın rəhbəri tərəfindən qeyd olunub.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhərsalma fəaliyyəti, o cümlədən şəhərlərin və digər yaşayış məntəqələrinin yenidən qurulması, bərpası, nəqliyyat infrastrukturunun yaradılması, rabitə xidmətinin təşkili, eyni zamanda, azad edilmiş ərazilərin iqtisadi dayanıqlığının təmini, əhalinin məskunlaşması və məşğulluq məsələləri ilə bağlı görülən işlər üzrə məruzələr dinlənilib.
Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş müvafiq əraziləri üzrə xüsusi nümayəndəliklərinin yerlərdəki fəaliyyəti çərçivəsində görülən işlər və 2024-cü ildə qarşıda duran planlar barədə xüsusi nümayəndələr tərəfindən məlumatlar verilib.
Qərargahın rəhbəri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrinin “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq keyfiyyətli, operativ, kompleks yanaşma tətbiq etməklə əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulayıb.
İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.