EMTA və “PAŞA Bank” müqavilə imzaladı
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və “PAŞA Bank” ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və “PAŞA Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev imzalayıblar.
Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılması qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.
Samir Axundov Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə müvəkkil kredit təşkilatı vasitəsilə güzəştli kreditlərin verilməsinin nəzərdə tutulduğunu deyib. O, bu işləri həyata keçirmək məqsədilə ölkənin aparıcı bankları ilə əməkdaşlıq müqavilələrinin imzalandığını diqqətə çatdırıb və “PAŞA Bank”la bu çərçivədə əməkdaşlıqdan, eləcə də enerji səmərəliliyi layihələrinin həyata keçirilməsində iştirakından məmnunluğunu ifadə edib.
Bəhruz Nağıyev “PAŞA Bank”-ın yaranma tarixi və fəaliyyətindən geniş söz açıb. O, Fondun vəsaiti hesabına veriləcək güzəştli kreditlərin enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar açacağını qeyd edib. Bu baxımdan, imzalanan müqavilənin gələcək qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafında səmərəli rol oynayacağına əminliyini bildirib.
Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir.

