Ermənistan tərəfi sözdə bir şey deyir, əməldə isə başqa hərəkət edir

Ermənistan tərəfi sözdə bir şey deyir, əməldə isə başqa hərəkət edir

Dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan kütləvi məzarlıqların əraziləri barədə məlumatları verməkdən qəsdən yayınır. Çox təəssüf ki, Ermənistan tərəfi sözdə bir şey deyir, əməldə isə başqa hərəkət edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda hərbi prokuror Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin həddindən artıq minalarla və partlamamış sursatlarla çirkləndirilməsi səbəbindən həmin ərazilərdə insan cəsəd qalıqlarının axtarışı işinin intensiv aparılması olduqca böyük çətinliklər yaradır. "Ermənistan öz işğalçı siyasətini davam etdirərək istər əvvəllər, istərsə də 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonrakı dövrdə minaladığı ərazilərin xəritələrini bu günədək Azərbaycana verilməkdən imtina edir. Təqdim etdiyin xəritələr də reallığı əks etdirmir. Bu səbəbdən də işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı axtarış işlərinin aparılması mümkün olmayıb. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin taleyi ilə bağlı gümanlar var ki, bu insanların bir qismi hələ də sağdır, Ermənistan ərazisində qul kimi işlədilir, bir qismi isə əsir götürüldükdən sonra qətlə yetirilib və müxtəlif yerlərdə kütləvi məzarlıqda basdırılıb", - deyə hərbi prokuror bildirib.