Əsaslı məhkəmə-hüquq islahatları aparılır

Əsaslı məhkəmə-hüquq islahatları aparılır

Son illərdə ölkəmizdə vətəndaşların məhkəmələrə əlçatanlığının artırılması istiqamətində əsaslı məhkəmə-hüquq islahatları aparılır. Aparılan islahatlar məhkəmələrin fəaliyyətinə də öz töhfəsini verməkdədir.

Bu sözləri yanvarın 8-də Bakıda keçirilən regional seminar-müşavirədə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib.

İ.Kərimov bildirib ki, məhkəmə icraatında çevikliyin təmin edilməsi və işlərə daha səmərəli baxılması, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı mühüm qanunlar qəbul edilib. Məhkəmə sistemində yüksək peşə bacarıqlarına malik insan kapitalı formalaşdırmaq, hakimlərin və məhkəmə işçilərinin sosial təminatını gücləndirmək məqsədilə mühüm işlər həyata keçirilib.

“Ölkəmizdə seçki hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərə inzibati məhkəmə icraatı qaydasında ilkin olaraq apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Bu, işlərə daha keyfiyyətli və operativ baxılmasını, eləcə də proseslərin seçkilərin mahiyyəti nəzərə alınmaqla daha çevik idarə olunmasını təmin etmək məqsədi daşıyır. Məhkəmələr həmişə olduğu kimi, bu il fevral ayında keçiriləcək növbədənkənar prezident seçkilərində də üzərilərinə düşən vəzifələri həyata keçirməyə hazırdır”, - deyə o qeyd edib.