Kinematoqrafiya və digər audiovizual materialların xərcinin bir hissəsi geri qaytarılacaq

Kinematoqrafiya və digər audiovizual materialların xərcinin bir hissəsi geri qaytarılacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

Bu barədə President.az məlumat yayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın çoxəsrlik və zəngin mədəniyyətinin nümayişində, milli-mənəvi irsinin və tarixi-mədəni ənənələrinin təbliğində kinematoqrafiya əsərləri və digər audiovizual əsərlər mühüm rol oynayır. Azərbaycan kinematoqrafiyasının inkişafı, o cümlədən yerli film istehsalçıları tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi üçün xarici film istehsalçılarını Azərbaycan Respublikası ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalına cəlb etmək bu baxımdan olduqca əhəmiyyətlidir.

Film istehsalı sənayesini gücləndirmək, həmçinin xarici film istehsalçılarını film məkanı kimi Azərbaycan Respublikasını seçməyə təşviq etmək məqsədilə imzalanan sərəncama görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

NK-ya, həmçinin kinematoqrafiya sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.