FHN Dəniz Limanında xüsusi təlim keçib

FHN Dəniz Limanında xüsusi təlim keçib

Fövqəladə Hallar Nazirliyi tərəfindən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin müraciəti əsasında Liman ərazisində maarifləndirmə tədbiri və taktiki xüsusi təlim keçirilib.

FHN-in Baş əməliyat idarəsinin təşkil etdiyi maarifləndirmə tədbiri Liman ərazisində baş verə biləcək fövqəladə hallara çevik reaksiya verilməsi, xilasetmə və digər təxirəsalınmaz əməliyyatların həyata keçirilməsi, təhlükəli yüklərin (yanğın, radioaktiv, partlayıcılar, tezalışan və zəhərli qazlar, zəhərli (toksik) və yoluxucu maddələrin) daşınması, saxlanılması və həmin maddələrin mümkün dağılmaları zamanı zərərsizləşdirilməsi, həmçinin ətraf mühitin mühafizəsi, təhlükəli yüklərlə bağlı istehsalat sanitariyası qaydalarının aşılanması məqsədilə reallaşdırılıb.

Fövqəladə Hallar Nazirliyi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin qüvvə və vasitələrinin cəlb olunduğu taktiki xüsusi təlim zamanı isə təhlükəli yüklərin daşınması, saxlanılması və həmin maddələrin mümkün dağılması zamanı şəxsi heyət tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlərin, belə hallarda əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması prosesi həyata keçirilib.

Sonda əldə edilmiş nəticələr təhlil olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.