Gilavar Foto Klubu yeni layihənin icrasına başlayıb
«Gilavar Foto Klubu» ictimai birliyi mina qurbanları ilə bağlı «Təhlükənin kulMİNAsiya nöqtəsi» adlı fotolayihə həyata keçirir. Layihənin əsas məqsədi cəmiyyəti mina təhlükəsi ilə bağlı maarifləndirmək və insanları mina hadisələrindən sığortalamaqdır.
Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir. 2020-ci il noyabrın 10-dan, yəni İkinci Qarabağ müharibəsindən sonra, 360-dan çox insan mina partlayışlarının qurbanı olub. Bu rəqəm təəsüf ki, artmaqdadır. ANAMA-nın məlumatına görə, ümumilikdə, Azərbaycanda mina qurbanlarının sayı 3500 yaxındır.
Layihənin rəhbəri Rəşad Mehdiyevin sözlərinə görə, hədəf regionlar mina hadisələrinin ən çox baş verdiyi bölgələr və keçmiş cəbhəyanı ərazilərdir. «Müxtəlif dövrlərdə mina partlayışları nəticəsində zərərməkmiş insanların düşdüyü vəziyyətlərini foto və video şəklində lentə almaqla onların acı həyat hekayələrini öz dillərindən eşitmək, cəmiyyətə və bütün dünyaya mesaj ötürməkdir. İnsanları mina və partlamamış hərbi sursatlar, minaların yaratdığı təhlükə və onlardan qorunma qaydaları barədə məlumatlandırmaqdır» – deyə, layihə rəhbəri əlavə edib.
Layihə müddətində elektron fotokitabın hazırlanması, Azərbaycanda və xarici ölkələrdə fotosərgilənin təşkili və maarifləndirici videoçarxların hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, «Təhlükənin kulMİNAsiya nöqtəsi» adlı fotolayihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. «Gilavar Foto Klubu» ictimai birliyi Agentliyin 2024-cü il üçün elan etdiyi böyük qrant müsabiqəsinin «İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə» mövzusu üzrə qaliblərindən biridir.