Bakıda yeni bilik-biznes rayonu yaradılacaq
Paytaxtın nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin - yeni bilik-biznes rayonunun yaradılması təklif olunur.
Bu, Bakının 2040-cı ilədək inkişafına dair Baş Planında əksini tapıb.
Qeyd edilib ki, universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrə ediləcək. Bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanını təmin edəcək.
Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı, tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin olunacaq.
Universitet şəhərciyi yaxınlıqda cəlbedici ticarət və qarışıq istifadə xidmətləri təklif edən yeni İctimai Nəqliyyat Yönümlü Şəhərsalma sistemlərinin (dəmir yolu, metro və avtobus xidmətləri) üstünlüklərindən faydalanacaq. Mərkəz daxilində, həmçinin əraziyə əlavə inzibati xidmətlər göstərən özəl və dövlət qurumları yerləşəcək. Nəticədə, tədqiqat klasteri ilə İctimai Nəqliyyat Yönümlü Şəhərsalma sistemi birləşərək universitet şəhərciyini Bakının yeni Bilik Biznes Mərkəzinə çevirəcək.