Hacıqabul Quşçuluq Şirkəti əmək yarmarkası təşkil edib
Qafqazın ən böyük yumurta istehsalçılarından olan Hacıqabul Quşçuluq Şirkəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə növbəti əmək yarmarkası təşkil edib.
Hacıqabul rayonunda təşkil olunan yarmarkarda şirkətin nümayəndələri tərəfindən yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu müəssisədə karyera qurmaq istəyində olan şəxslərə məsləhətlər verilib və onların müraciət anketləri qəbul olunub. Ümumilikdə Şirvan və Hacıqabul rayonlarından 70-dən çox vətəndaşın müraciəti qeydə alınıb.
Bildirək ki, yarmarkanın təşkil olunmasında əsas məqsəd işsiz insanlara ixtisası üzrə iş tapa bilmələrində yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək və işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarət olub.
Qarşıdakı dövrdə də yarmarkaların keçirilməsi prosesi davam edəcək.
Qeyd edək ki, Hacıqabul Quşçuluq Şirkəti 1976-cı ildə Adışirin Babaşov tərəfindən Hacıqabul rayonunun Ağacanlı kəndində qurulub. Daima ən yeni istehsal texnologiyaları və avadanlıqlardan istifadə edən, 30.0000 kv. metr sahədən ibarət olan fabrik, hazırda, gündəlik 2.000 000 ədəd illik isə 720.000.000 ədəd yumurta istehsal gücü ilə ölkəmizin, eləcə də Qafqazın ən böyük yumurta istehsalçısıdır.