Hava limanına işləyən ekspress avtobusun qrafiki dəyişdi

Bu gündən etibarən Bakı şəhərinin mərkəzindən Heydər Əliyev Hava Limanına və oradan da əksinə hərəkət edən "H1 Airport Express" marşrutu 24 saat fəaliyyət göstərəcək.

"BusinessTime" xəbər verir ki, bu barədə “BakuBus” və Heydər Əliyev Beynəlxalq Aeroportunun birgə açıqladığı məlumatda deyilir.

Məlumatda deyilir ki, avtobuslar gündüz saatlarında 20 dəqiqəlik intervalla, gecələr isə 45 dəqiqədən bir hərəkət edəcək.

"Daha öncə, "H1" marşrutu gecə saat 01:00-dək xidmət göstərirdi ki,  bu da gec saatlarda gələn sərnişinlər üçün müəyyən narahatlıq yaradırdı. Hazırda isə qrafikin genişləndirilməsi sayəsində sərnişinlər günün istənilən vaxtında şəhərə rahat çata biləcəklər ki, bu da onların səyahət təcrübəsini xeyli yaxşılaşdıracaq"-birgə məlumatda qeyd edilir.

Marşrut şəhərin əsas nəqliyyat qovşaqlarını - “Koroğlu” habı və “28 May” metrosunu əhatə edir. Bu marşrut üzrə fəaliyyət göstərən müasir “Neoplan” avtobusları geniş baqaj bölmələri, soyuducu və məlumat monitorları ilə təchiz olunub ki, bu da səfəri mümkün qədər rahat edir. Yolda sərf olunan müddət günün saatından asılı olaraq təxminən 30 dəqiqə təşkil edir.

"H1" marşrutu üzrə gediş haqqı 1,3 manatdır. Ödənişi hava limanında əldə edilə bilən “BakıKart” kartı, həmçinin “M10” və “Birbank” mobil tətbiqləri vasitəsilə həyata keçirmək mümkündür.

Açıqlamada qeyd edilir ki, "H1" marşrutunun hərəkət cədvəlinin genişləndirilməsi, xüsusən də Bakı şəhərində yaxın aylarda keçiriləcək "Formula 1" Qran-Prisi və BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransı (COP29) kimi mühüm tədbirlər öncəsi, bütün sərnişinlər üçün nəqliyyat xidmətlərinin rahatlığının və əlçatanlığının artırmasına yönəldilib.