Həmkarlar Konfederasiyasının mətbuat katibi işdən çıxdı - Xəstəxanaya yerləşdirildi

Həmkarlar Konfederasiyasının mətbuat katibi işdən çıxdı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) katibi və mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov vəzifəsindən azad edilib.

"BusinessTime" “PostMedia”ya istinadən xəbər verir ki, eyni zamanda R.Nəsirovun səhhətində də problemlər yaranıb.

Nəticədə sabiq katib və şöbə müdiri xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ötən ilin avqustunda AHİK-in yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib. S.Məmmədov bu vəzifəyə qədər iqtisadiyyat nazirinin müavini olub.

Son zamanlar S.Məmmədovun AHİK-də apardığı kadr dəyişiklikləri və tətbiq etdiyi yeni qaydalarla bağlı mediada məlumatlar yayılmaqdadır. Belə ki, sonuncu dəfə onun əməkdaşları Əmək Məcəlləsinə zidd olaraq 8 saatdan çox işlətməsi ilə bağlı məlumatlar yayılmaqdadır.

Rəşad Nəsirovun da bu məlumatların yayılması səbəbindən vəzifəsindən azad edildiyi bildirilir.

Qeyd edək ki, R.Nəsirov 2023-cü ilin yanvarından AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2024-cü ilin yanvarından isə qurumun katibi vəzifəsini icra edib.