İmkanı olmayanlar ödənişli vəkil xidmətindən faydalana bilərmi?

İmkanı olmayanlar ödənişli vəkil xidmətindən faydalana bilərmi?
Vəkil Vamiq Şükürov

Bilirsiniz ki, vəkil xidmətləri ödənişlidir. Məsələn, bir nəfərə borc veribsiniz, qaytarmır, onu məhkəməyə vermək lazımdır. Yaxud bank sizi məhkəməyə verib, evinizi satışa çıxarmaq istəyir. Yaxud da ərinizlə boşanırsınız, birgə nikah dövründə əldə edilmiş əmlakı bölünməsini istəyirsiniz.

1-ci qrup əlil olduğunuza və ya ünvanlı sosial yardım aldığınıza, yaxud işsiz olduğunuza görə vəkilə ödəniş edə bilmirsiniz.

Qanun belə hallarda dövlət hesabına vəkil ilə təmin olunmağınıza şərait yaradır. Belə hallarda sizə təyin olunan vəkilin pulu dövlət büdcəsi hesabına ödəniləcəkdir. Bunun üçün yaşadığınız ərazidə fəaliyyət göstərən vəkil bürosuna müraciət etməli və vəkilə ödəniş etməyə maddi imkanınızın olmaması barədə sənədləri təqdim etməlisiniz.

Məsələn, əlilliyinizi təsdiq edən vəsiqə, yaxud işsiz kimi qeydiyyatda durmağınız barədə arayış. Vəkil bürosunun müdiri sənədlərinizi nəzərdən keçirib məhkəməyə müraciət edir. Məhkəmə bu zaman iki məsələni araşdırır:

1) iddianızın əsasını təşkil edən ilkin sübutların mövcudluğu;

2) Maddi imkanınızın olmaması barədə əminliyin əldə edilməsi. Əgər bu iki məsələ müsbət həll olunarsa, məhkəmə sizə dövlət hesabına vəkilin təyin olunması barədə qərar qəbul edir və vəkil bürosuna göndərir. Büro sizin üçün bir vəkil ayırır və o sizə hüquqi yardım göstərib məhkəmə işinizi aparır. 

Əgər sizin işiniz məhkəmədədirsə, yaxud sizə qarşı hansısa məhkəmədə iddia qaldırılıbsa, bu zaman həmin məhkəməyə müraciət edib dövlət hesabına vəkil təyin etməyi məhkəmədən xahiş edə bilərsiniz. Belə halda vəkil bürosuna müraciət etməyə ehtiyac yoxdur.

Vəkil Vamiq Şükürov