"Instagram"da ciddi təhlükəsizlik boşluğu: "Meta AI" hesabların ələ keçirilməsinə səbəb olub

"Instagram"da ciddi təhlükəsizlik boşluğu:

"Instagram" platformasındakı "Meta AI" çatbotunda aşkar edilən təhlükəsizlik boşluğu istifadəçi hesablarını təhlükə altına atıb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, tətbiqin süni intellekt çatbotu saxta məlumatlar vasitəsilə kənar şəxslərə başqasının hesabına giriş imkanı yaradıb.

İddialara görə, hakerlər saxta yerləşmə məlumatlarından istifadə edərək digər istifadəçilərin şifrələrini dəyişə, eləcə də hesaba bağlı elektron poçt ünvanlarını ələ keçirməyə cəhd edə biliblər.

"Meta" şirkətinin nümayəndəsi Endi Stoun "X" sosial şəbəkəsində problemin artıq aradan qaldırıldığını və zərərçəkmiş hesabların təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər görüldüyünü açıqlayıb. O, həmçinin dünya liderlərinin hesablarının bu boşluq vasitəsilə sındırılması barədə yayılan iddiaları tamamilə yalan adlandırıb.

"404 Media" nəşri isə bildirib ki, sözügedən boşluq "Instagram"da bir sıra yüksək profilli hesabların ələ keçirilməsi ilə eyni dövrə təsadüf edib. Onların arasında ABŞ-nin sabiq prezidenti Barak Obamanın əvvəllər istifadə etdiyi təsdiqlənmiş hesab da olub. Məlumata görə, həmin hesabda qısa müddət ərzində İranı dəstəkləyən paylaşımlar yerləşdirilib, daha sonra isə giriş bərpa olunub.

Hələlik zərər görən hesabların dəqiq sayı açıqlanmayıb.