İqlim dəyişikliklərinə qarşı dayanıqlı su idarəçiliyi müzakirə olunub
Neftçala Olimpiya İdman Kompleksində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə proqram çərçivəsində növbəti və yekun təlim keçirilib.
“Su resurslarının idarə olunması və iqlim adaptasiyası strategiyaları” mövzusuna həsr olunan təlimdə su ehtiyatlarından səmərəli istifadə, iqlim dəyişikliklərinin su resurslarına təsiri və müxtəlif sahələrdə dayanıqlı idarəetmə mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
Təlimin eksperti hidroloq, ətraf mühit və ekologiya üzrə mütəxəssis Amin Məmmədov iştirakçılara su resurslarının idarə olunması ilə bağlı ətraflı məlumat verib, iqlim risklərinin yaratdığı çağırışlar və onların qarşısının alınması üçün praktiki yanaşmaları diqqətə çatdırıb.
Təlim zamanı iqlim dəyişikliyinin su ehtiyatlarına təsiri və su resurslarından səmərəli istifadə, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq sahələrində sudan optimal yararlanma, eləcə də iqlim risklərinə adaptasiya strategiyaları və yerli səviyyədə tətbiq oluna biləcək praktiki həllər müzakirə edilib.
Yekun təlimdə iştirakçılar proqramın əvvəlki modullarında əldə etdikləri bilikləri – ESG prinsipləri, yaşıl maliyyə və aqro-iqlim dayanıqlılığı istiqamətlərini su resurslarının idarə olunması kontekstində bir araya gətiriblər.
Proqram çərçivəsində iştirakçıların əldə etdiyi biliklərin qiymətləndirilməsi məqsədilə yekun post-testlər də keçirilib.
Qeyd edək ki, proqram Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və BP Azərbaycanın maliyyə dəstəyi, ARPA İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.



