Kredit götürənlər üçün qaydalar dəyişir - YENİLİK

Kredit götürənlər üçün qaydalar dəyişir

Rəqəmsal maliyyə xidmətlərindən təhlükəsiz istifadə üçün istehlakçıların maliyyə savadlılığının artırılması mühüm əhəmiyyət kəsb edir.

Modern.az xəbər verir ki, bu fikirləri 12 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forumda Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev bildirib.

O qeyd edib ki, rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi fonunda kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması və onlayn fırıldaqçılıq halları daha da aktuallaşır:

“Sosial mühəndislik üsulları, saxta mesaj və elanlar vasitəsilə həyata keçirilən dələduzluq halları informasiya mühitində ciddi təhlükə yaradır.

Bu səbəbdən rəqəmsal maliyyə xidmətlərinin təhlükəsiz istifadəsi, istehlakçıların maliyyə savadlılığının artırılması və dələduzluq hallarının qarşısının alınması istiqamətində dövlət qurumları ilə maliyyə sektorunun birgə fəaliyyəti vacibdir”. 

Sədr müavini onu da əlavə edib ki, Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi ilə bağlı işlər də artıq yekunlaşmaq üzərədir:

“Sözügedən mexanizm sayəsində vətəndaşlar öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə öncədən qadağa qoymaq imkanı da əldə edə biləcəklər”, - deyə qurum rəsmisi fikrini tamamlayıb.