“Kristal”ın sahibləri nə qədər qazanır? - RƏQƏMLƏR
Azərbaycanın tikinti sektorunda fəaliyyət göstərən “Kristal Bakı” ASC səhmdarlarına 16 milyon manat dividend elan edib.
BusinessTime xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar 2025-ci il mayın 12-də keçirilən səhmdarların ümumi yığıncağında qəbul olunub.
Dividendin əvvəlki illərin bölüşdürülməmiş mənfəəti hesabına verilməsi qərara alınıb.
“Kristal Bakı” ASC-nin səhmdarları üç fiziki şəxsdir. Şirkətin səhmlərinin 50%-i Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevə, 25%-i Nəbiyev Fərid Elbrus oğluna, qalan 25%-i isə Nəbiyev Araz Məhayət oğluna məxsusdur.
Dividendin səhmdarların paylarına mütənasib bölüşdürülməsi nəzərə alınarsa, 16 milyon manatın 8 milyon manatı Pərviz Vəliyevin, 4 milyon manatı Fərid Nəbiyevin, digər 4 milyon manatı isə Araz Nəbiyevin payına düşür.
Qeyd edək ki, bunlar elan edilmiş dividendin səhmdar paylarına uyğun hesablanmış məbləğləridir. Hər bir səhmdara faktiki ödənilmiş məbləğ ayrıca açıqlanmayıb.
Şirkətin maliyyə göstəricilərinə gəlincə, “Kristal Bakı” ASC 2025-ci ili 8,25 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki 2024-cü ildə şirkət 3,28 milyon manat xalis zərər açıqlamışdı.
Hesabat dövründə şirkətin gəlirləri 3,7 dəfə artaraq 214,5 milyon manata çatıb.
2025-ci ilin sonuna “Kristal Bakı” ASC-nin aktivləri 567,7 milyon manat, öhdəlikləri isə 759,8 milyon manat təşkil edib.
Qeyd edək ki, “Kristal Bakı” ASC 19 mart 2020-ci ildə dövlət qeydiyyatına alınıb. “Kristal Qrup”a (Kristal Bakı/Kristal Abşeron) aiddir. Yaşayış binalarının tikintisi və satışı ilə məşğul olan şirkətin nizamnamə kapitalı 1 milyon manatdır. Şirkətin qanuni təmsilçisi İbrahim Cəfər oğlu Dostumalıyevdir.


