Mediasiya Şurası əlaqələrini genişləndirir

Mediasiya Şurası əlaqələrini genişləndirir

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov imzalayıblar.

Tədbirdə DOST Agentliyinin ötən dövrdəki fəaliyyəti barədə məlumat verilib, Agentliyin fəaliyyətinin bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.

Mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə olan mediasiya institutunun əhəmiyyətini qeyd edən N.Adilov memorandumun əməkdaşlığın geniş sahələrini əhatə edəcəyini və hər iki qurum üçün qarşılıqlı faydalı, uzunmüddətli və effektiv nəticələr gətirəcəyini vurğulayıb.

Memoranduma əsasən ilkin mərhələdə DOST mərkəzləri vasitəsilə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya xidmətlərinə çıxışın təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, 2020-ci ilin fevral ayından fəaliyyət göstərən Mediasiya Şurası bu sahədə tənzimləməni və nəzarəti həyata keçirir. Vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sessiyasında iştirak edirlər.