Mərkəzi Bankın sədri Taleh Kazımov dayanıqlı maliyyə təşəbbüsləri ilə bağlı fikirlərini bölüşüb

Mərkəzi Bankın sədri Taleh Kazımov dayanıqlı maliyyə təşəbbüsləri ilə bağlı fikirlərini bölüşüb

Qlobal iqlim dəyişikliyi ilə bağlı mübarizə fonunda dayanıqlı maliyyə taksonomiyaları
investisiyaların ətraf mühit və sosial məqsədlərə uyğunlaşdırılmasında mühüm vasitəyə
çevrilib. Bu taksonomiyalar “dayanıqlı” təsnifatına uyğunluğu müəyyənləşdirərək
investorlar, şirkətlər və aidiyyəti tərəflərə iqlim fəaliyyəti üçün kapitalın bölüşdürülməsi ilə
bağlı əsaslı qərarlar qəbul etməyə kömək edir.
Mərkəzi Bank 2022-ci ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən
dəstəklənən Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsinin (DBMŞ) fəal üzvü kimi
dayanıqlılıq sahəsində mühüm təşəbbüslər həyata keçirir. Mərkəzi Bankın sədri Taleh
Kazımovun BMK-nın Latın Amerikası və Karib hövzəsi üzrə vitse-prezidenti Alfonso
Qarsia Mora ilə bu strateji təşəbbüslərə dair fikirləri beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılıb.
Məqalədə bildirilib ki, Mərkəzi Bank milli və regional taksonomiyaların, Dünya Bankı Qrupu
və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatların müəyyənləşdirdiyi çərçivələrə
uyğunlaşdırılmasını təklif edərək dayanıqlı maliyyəyə praktik, həm də qlobal səviyyədə
tanınan yanaşmanın təşviqini hədəfləyir.
Bir çox ölkə artıq dayanıqlı maliyyə taksonomiyalarını qəbul etsə də, hüquqi çərçivələr
arasında uyğunluğun olmaması müəyyən çətinliklər yaradır. Məqalədə vurğulanıb ki,
müxtəlif standartların yaranması investisiya mühitində uyğunsuzluqlara və qlobal
səviyyədə tanınan aktiv sinfinin yaradılmasına mane olur. Bu maneələri aradan qaldırmaq
üçün vahid qlobal yanaşmanın tətbiqinin zəruri olduğu bildirilib. Belə ki, bu yanaşma
universal prinsipləri, tərifləri və göstəriciləri əhatə edərək iqlim maliyyəsinin səmərəli
axınını və emitentlər üçün daha yaxşı maliyyə şərtlərini təmin edəcək.
Hər bir ölkənin xüsusi iqtisadi prioritetlərini və çağırışlarını nəzərə alan müştərək dayanıqlı
maliyyə yanaşmasının tətbiqi çox vacib olduğu bildirilib.
Məqalədə qeyd olunub ki, Mərkəzi Bank COP29 tədbirində Dayanıqlı Maliyyə üzrə Yol
Xəritəsi və Beynəlxalq Dayanıqlı Maliyyə Platformasının Ümumi Çərçivə Taksonomiyası
kimi beynəlxalq nailiyyətlərə əsaslanan bir həll yolu təklif edəcək. Mərkəzi Bank milli
adaptasiyaya çevik yanaşmanı qorumaqla taksonomiyaların uyğunlaşdırılmasına kömək
edən sistemin yaradılması üçün qarşılıqlı fəaliyyət və əməkdaşlığı təşviq edəcəkdir.
Taleh Kazımov Mərkəzi Bankın qarşılıqlı fəaliyyət imkanlarını genişləndirmək və dayanıqlı
maliyyə sahəsində innovasiyaları təşviq etmək üçün beynəlxalq tərəfdaşlarla sıx
əməkdaşlıq edəcəyini bildirib. O, bu yanaşmanın daha dərin və likvid bazarların
yaradılmasına, eləcə də sıfır emissiya hədəflərinə töhfə verəcək yaşıl layihələrə yatırılan
investisiyaların təşviq edilməsinə töhfə verəcəyi ilə bağlı əminliyini ifadə edib.
Qeyd olunub ki, Mərkəzi Bank qlobal standartlarla yerli çeviklik arasında balans yaradan
mərhələli yanaşmanı müdafiə edir. Mərkəzi Bankın 70-dən çox inkişaf etməkdə olan ölkəni
bir araya gətirən DBMŞ ilə qarşılıqlı fəaliyyət qabiliyyətini təşviq edən, həmçinin yerli
kontekstləri və prioritetləri nəzərə alan təlimatların hazırlanmasına töhfə verdiyi bildirilib.
Sədr Mərkəzi Bankın dayanıqlı maliyyə taksonomiyalarına qlobal yanaşmanın tətbiqində
və sıfır emissiyaya doğru irəliləyişin təmin edilməsində qərarlı olduğunu vurğulayıb.