Milli birlik nümayişi! - ŞƏRH

Milli birlik nümayişi!

Çoxəsrlik tarixə malik Azərbaycan xalqı müxtəlif dövrlərdə öz milli mənsubiyyətini, varılığını qorumaq üçün mübarizələr aparmış, qurbanlar vermiş, ağır mübarizələrdən keçmişdir.

Ümumiyyətlə müharibə dedikdə  gözümüzün önündə qan-qada, saysız ölümlər, dağıntılar canlanır. İnsanlar onu qorxu, vahimə, dəhşətlə anır. Lakin tariximizin ən şərəfli səhifələrinin yazıldığı 44 günlük Vətən Müharibəsi, bir il öncə reallaşdırılmış antiterror əməliyyatları  əbədi olaraq xalqımızın düşüncəsində qürurverici məqamlarla iz qoymuşdur.

Bu haqq savaşlarında qəhrəman oğullarımızın hər birinin göstərdiyi saysız-hesabsız rəşadət və igidlik nümunələri yaddaşlarımıza əbədi olaraq həkk olunmuşdur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi ilə döyüş meydanında tarix yazan igidlərimiz, Ölkəmizə, xalqımıza on illərlə göslədiyi haqlı qalibiyyətini qazandırdı.

Bu Qələbə ölkəmizin gücünü, qüvvətini, sarsılmaz xalq-dövlət birliyini dünyaya nümayiş etdirdi. Müharibənin hələ ilk  günlərindən xalq öz dövlətinin, Liderinin ətrafında sıx birləşdi və bu birlik, ümumxalq həmrəyliyinə çevrilərək,  düşmənə yönələn sarsıdıcı gücə,  “Dəmir Yumruğa” çevrildi. Vətən Müharibəsinin ilk günündən ölkənin hər  bir vətəndaşı, uşaqdan-böyüyə, qocadan-cavana, əsgərindən mülki vətəndaşına qədər hər kəs, sınaq meydanına atıldı, şərəfli bir yolun yolçusuna çevrildi.  

Dinindən, milliyətindən asılı olmayaraq minlərlə Azərbaycan gənci, düşmən işğalına son qoymaq, Qarabağın azadlığı  uğrunda  mübarizə aparmaq üçün könüllü olaraq  cəbhəyə yollandı. Arxa cəbhədə də eyni coşqu nümayiş etdirən xalqımız, Ali Baş Komandanın “Dəmir Yumruğu” ətrafında birləşərək, sosial mövqeyindən asılı olmayaraq, birlik, həmrəylik nümayiş etdirdi.  

Haqq savaşına yollanan əsgərinə  yardım etmək üçün əlindən gələn yardımı etdi, hər cür maddi və mənəvi dəstək olmağa çalışdı. Bu sözün əsl  mənasında xalq və dövlət, milli birlik və həmrəyliyin, ən əsası vətənpərvərliyin təntənəsi idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 20 sentyabr – Dövlət Suverenliyi Günündə tarixi Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında tələbələrlə görüşündəki çıxışında bu məqama xüsusi diqqət ayıraraq, bir daha xalqımızın birliyinə tarixi qiymət vermiş oldu. Bəli, bu gün məhz xalqımızın sarsilmaz gücü, millətimizin  milli birliyi,  siyasi həmrəyliyimiz sayəsində erməniləri və “erməni təəsübkeşlərini” yandırıb-yaxan Qələbəmizin, böyük Zəfərimizin təntənəsini yaşayırıq.

Qulam Abuşov;
Neftçala rayonu, Şəhid atası