Niyazi Əmirbəyov Assosiasiyanın sədri təyin edildi

Niyazi Əmirbəyov Assosiasiyanın sədri təyin edildi
“Agro Dairy” şirkətinin icraçı direktoru Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının növbəti iclası keçirilmişdir. Dövlət qurumlarının nümayəndələri, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarlar, bu sahədəki mövcud vəziyyəti, habelə sənayenin inkişafı istiqamətində həll yollarını müzakirə etmək üçün bir araya toplanmışdır.
İclasın əsas məqamlarından biri yeni İdarə Heyəti sədrinin və İdarə Heyətinin üzvlərinin seçilməsi olmuşdur. İclasda səs çoxluğu ilə “Agro Dairy” şirkətinin icraçı direktoru Niyazi Əmirbəyov İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Assosiasiyanın sədri Niyazi Əmirbəyov kənd təsərrüfatının rolunun vacibliyini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi davamlı diqqət və dəstəyini vurğulayaraq son bir ildə taxıl istehsalının əvvəlki illərə nisbətən artdığını, bunun da həmin sektorun fəal inkişafının göstəricisi olduğunu qeyd etmişdir.
İclasın digər mühüm nəticəsi dövlət qurumları ilə özəl sektor arasında davamlı dialoqun təmin edilməsi olmuşdur ki, bu da aqrar sahədə vəziyyətin yaxşılaşmasına müsbət töhfə verəcəkdir.