Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaş müraciətlərinin yerində araşdırılması və qaldırılan məsələlərin həlli məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 2025-ci il 14 noyabr tarixində Yuxarı Əylis kəndində səyyar qəbul keçirdi. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən icra başçısı Azərbaycanın beynəlxalq müstəvidə getdikcə güclənən mövqeyindən bəhs edərək ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanındığını qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bu nailiyyətlərə ciddi töhfə verdiyini diqqətə çatdırıb.
Rəcəb Rəhimli “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” haqqında danışıb. Rayon üzrə məşğulluğun artırılması, yol infrastrukturunun qurulması, su infrastrukturunun yaxşılaşdırılması, “Şəhidlər Xiyabanı”nın bərpası, həmçinin tarixi mədəniyyət abidələrinin qorunması məqsədilə “Ərbabın iş yeri” tarixi binası və akademik “Yusif Məmmədəliyevin ev muzeyində aparılan təmir işləri barədə məlumat verib.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Qaldırılan məsələlər - içməli və suvarma suyu, kəhrizlərin təmir olunması, ərzaq mağazasının açılması, məşğulluq, sosial yardım, səhiyyə, mülkiyyət hüququ, kəndin daxili yollarının asfaltlanması, qəyyumluq və digər müraciətlərlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Həlli müəyyən vaxt tələb edən müraciətlər isə nəzarətə götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.