ASA beynəlxalq əlaqələrini genişləndirir
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Abas Misgərli Qazaxıstanın Almatı şəhərində keçirilən 4-cü Avrasiya Konqresi QRAFT-da iştirak edib.
BusinessTime xəbər verir ki, 30-dan çox ölkənin sığorta və maliyyə mütəxəssislərini bir araya gətirən konqresdə Abas Misgərli Azərbaycan sığorta bazarının mövcud vəziyyəti, həyata keçirilən islahatlar, əldə olunan nəticələr və gələcək fəaliyyət planları barədə məlumat verib.
Tədbir çərçivəsində Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Global Finance Association QRAFT arasında əməkdaşlıq haqqında saziş də imzalanıb.
Saziş birgə təhsil və tədqiqat layihələrinin həyata keçirilməsini, beynəlxalq təcrübə mübadiləsini, eləcə də aktuar modelləşdirmə, risklərin idarə edilməsi, süni intellekt və rəqəmsal transformasiya sahələrində əməkdaşlığı nəzərdə tutur.
Abas Misgərlinin sözlərinə görə, imzalanan saziş Azərbaycan sığorta bazarının beynəlxalq əlaqələrinin genişləndirilməsi və sektorun inkişafı istiqamətində atılan mühüm addımlardan biridir.


