Vətəndaşların banklarda nə qədər pulu var?

Vətəndaşların banklarda nə qədər pulu var?

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.6 faiz artaraq 72.7 milyard manata çatıb.

Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatlarda bildirilib.

Məlumata görə, 2026-cı ilin yanvar-avqust aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı da artım göstərib. Belə ki, orta aylıq əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 7.2 faiz artaraq 1173 manat təşkil edib.

Mərkəzi Bankın məlumatına əsasən, 2026-cı il avqustun 31-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfelinin həcmi 34 milyard 884 milyon manat olub. Kreditlərin 28 milyard 932.7 milyon manatı uzunmüddətli kreditlərin payına düşüb. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi isə 2.1 faiz təşkil edib.

Həmin tarixə əhalinin banklardakı əmanətlərinin ümumi məbləği 18 milyard 211.9 milyon manata bərabər olub.

Bundan başqa, 2026-cı ilin yanvar-sentyabr aylarında manatın ABŞ dollarına qarşı orta məzənnəsi 1.70 manat, avroya qarşı 1.97 manat təşkil edib. Eyni dövrdə 100 türk lirəsinin orta məzənnəsi 3.73 manat, 100 Rusiya rublunun məzənnəsi isə 2.18 manat olub.