Azərbaycanın tarixi Zəfərinin və milli iradəsinin təntənəsi!
17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan xalqının yaddaşında milli qürur, qəhrəmanlıq və tarixi ədalətin bərpası ilə bağlı mühüm günlərdən biridir.
Füzuli şəhərinin 2020-ci il oktyabrın 17-də işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində atılmış mühüm tarixi addım olmuşdur. Bu qələbə uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların qəlbində azadlıq ümidini yenidən alovlandırmışdır. Füzulinin azadlığı Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, peşəkarlığını və əzmkarlığını nümayiş etdirmişdir.
Şəhərin azad olunması həm də Azərbaycan dövlətinin milli maraqlarını qətiyyətlə qorumaq iradəsinin təzahürü idi. 1993-cü ilin avqustunda Füzuli şəhərinin və rayonun böyük hissəsinin işğal edilməsi bölgənin tarixinə ağır faciə kimi daxil olmuşdur. İşğal nəticəsində çoxsaylı ailələr doğma evlərini tərk etməyə məcbur olmuş, yaşayış məntəqələri və tarixi-mədəni irs ciddi dağıntılara məruz qalmışdır. Rayon sakinlərinin verdiyi şəhidlər, müharibə əlilləri və əsir düşən, yaxud itkin düşən insanlar bu münaqişənin ağır nəticələrini göstərir. Buna görə də Füzulinin azad edilməsi yalnız hərbi uğur deyil, həm də insanların doğma yurda qayıtmaq hüququnun bərpası baxımından böyük əhəmiyyət daşıyır. Bu hadisə Azərbaycan xalqının tarixi yaddaşında ədalətin və milli həmrəyliyin təntənəsi kimi yaşayır. Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən çətin və strateji baxımdan mühüm mərhələlərindən biri olmuşdur. Uzun illər ərzində yaradılmış müdafiə istehkamlarının yarılması Azərbaycan Ordusunun hərbi hazırlığının və əməliyyat imkanlarının yüksək səviyyədə olduğunu təsdiqləmişdir.
Döyüş meydanında göstərilən qəhrəmanlıq dövlətin müdafiə potensialının gücləndirilməsinə yönəlmiş siyasətin əhəmiyyətini də üzə çıxarmışdır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbələr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində mühüm rol oynamışdır. Füzulinin azad olunması sonrakı hərbi əməliyyatlar üçün də əlverişli strateji imkanlar yaratmışdır. Füzuli uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçuların xidmətlərinin dövlət səviyyəsində qiymətləndirilməsi qəhrəmanlıq ənənələrinin qorunmasının mühüm nümunəsidir. 2020-ci il noyabrın 26-da təsis edilən “Füzulinin azad olunmasına görə” medalı bu tarixi qələbənin iştirakçılarına ehtiramın rəmzinə çevrilmişdir. Həmin medalla təltif olunan hərbçilərin şücaəti gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. Şəhidlərin xatirəsinin yaşadılması və qazilərə diqqət göstərilməsi milli mənəvi dəyərlərin qorunmasına xidmət edir.
Füzuli Şəhəri Günü bu qəhrəmanlıq tarixini gənc nəslə çatdırmaq üçün mühüm fürsətdir. Bu gün Füzuli şəhərinin inkişafı Azərbaycanın müharibədən sonrakı quruculuq siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Şəhərin yenidən qurulması işğalın ağır nəticələrinin aradan qaldırılması və əhalinin təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Füzulidə həyata keçirilən layihələr dövlətin azad edilmiş ərazilərə uzunmüddətli inkişaf məkanı kimi yanaşdığını göstərir. Bu proses Azərbaycan xalqının öz torpaqlarında sülh, təhlükəsizlik və rifah şəraitində yaşamaq arzusunu gerçəkləşdirməyə xidmət edir.
İdris Xanmədov
Neftçala rayonu


