“PAŞA Maliyyə Holdinq” təsis edildi
2025-ci il 30 dekabr tarixindən etibarən “PAŞA Holdinq”in yeni törəmə şirkəti olan “PAŞA Maliyyə Holdinq” fəaliyyətə başlayıb.
“PAŞA Maliyyə Holdinq”in əsas məqsədi “PAŞA Holdinq”ə daxil olan maliyyə şirkətlərini, eləcə də bankçılıq, sığorta, fintek, e-ticarət sahələrindəki investisiya portfelini mərkəzləşdirilmiş şəkildə idarə etməkdir. Belə ki, hazırda “PAŞA Maliyyə Holdinq”in birbaşa tabeliyində “PAŞA Bank Azərbaycan”, “PAŞA Bank Gürcüstan”, “PAŞA Bank Türkiyə”, “Bir” ekosistemi (“Kapital Bank”, “Competo” və “PashaPay”), “PAŞA Sığorta”, “PAŞA Həyat” və “PAŞA Technology” şirkətləri fəaliyyət göstərir.
“PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov yeni strukturlaşma ilə bağlı bildirib: “PAŞA Maliyyə Holdinq”in yaradılması maliyyə və əlaqəli aktivlərimizin daha çevik, fokuslanmış və uzunmüddətli dəyər yaradan şəkildə idarə olunmasına imkan verəcək. Bu addım holdinqin strateji inkişaf mərhələsində mühüm dönüş nöqtəsidir”.
Qeyd edək ki, “PAŞA Maliyyə Holdinq”in baş icraçı direktoru vəzifəsinə bundan əvvəl “PAŞA Holdinq”in baş icraçı direktorunun müavini və “Bir” ekosisteminin baş icraçı direktoru kimi fəaliyyət göstərmiş Fərid Məmmədov təyin edilib. “PAŞA Maliyyə Holdinq”in əsas prioriteti maliyyə və texnologiya yönümlü bizneslərin sinerjisini gücləndirmək, innovativ həllər vasitəsilə müştəri dəyərini və əməliyyat səmərəliliyini artırmaqdır”, - deyə Fərid Məmmədov bildirib.
Yeni vəzifəsi ilə yanaşı, F.Məmmədov, eyni zamanda “Bir” ekosisteminin Müşahidə Şurasının sədri kimi də fəaliyyətini davam etdirəcək.
Onu da qeyd edək ki, yeni struktura əsasən “PAŞA Holdinq”in idarəçiliyi altında beş alt vertikal olacaq ki, bura maliyyə sektorunu (bankçılıq, sığorta, fintek, e-ticarət və s.) əhatə edən “PAŞA Maliyyə Holdinq”i, daşınmaz əmlak, hotel biznesi, eləcə də pərakəndə ticarət mərkəzlərinin idarə olunması sektorlarını əhatə edən “PAŞA Real Estate Qrup”u, kənd təsərrüfatı sektorunu əhatə edən “AgroDairy”, supermarketlər şəbəkəsi “Bravo” və pərakəndə xidmətlər, restoran biznesi, turizm və əyləncə sahəsini əhatə edən “Ventures Qrup” daxildir.
Xatırladaq ki, “PAŞA Holdinq” ölkənin ən böyük özəl şirkətlərindən biridir. 2006-cı ildə təsis olunan holdinq maliyyə, daşınmaz əmlak, kənd təsərrüfatı, supermarket şəbəkələrinin idarə olunması, eləcə də pərakəndə xidmətlər və əyləncə sahələrində fəaliyyət göstərir və fəaliyyət göstərdiyi ölkələrdə vətəndaşların yaşayış standartlarının yüksəldilməsinə töhfə verməyi hədəfləyir.

