Prezident söz verdi - Qafqazda müharibənin qarşısını necə alacağıq...
Yəhya Babanlı: “Azərbaycan regionun aparıcı dövləti olaraq bütün bunları reallaşdırmaq gücündədir”
Prezident İlham Əliyev Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bəyan etdi ki, biz imkan verməyəcəyik Qafqazı müharibə ocağına çevirsinlər:
“Nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”.
Maraqlıdır, Qafqazın müharibə ocağına çevrilməsinin qarşısını almaq üçün Azərbaycanın nə kimi imkanları var? Müttəfiqlərimiz, gücümüz nədir? Belə vəziyyətdə Gürcüstan kimin yanında olacaq?
“Bunun üçün digər katalizator qüvvə və dövlətlərə gərək uymayaq”
Sözügedən məsələyə aydınlıq gətirən tarix üzrə fəlsəfə doktoru, politoloq Yəhya Babanlı “Bakı-Xəbər”ə açıqlamasında buna bir neçə aspektdən yanaşdı: “Əvvəla, “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda Azərbaycanın ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun özü və mövzusu elə dünyada sülhə, sabitliyə hesablanıb. Bakıda keçirilən bu ənənəvi forum sağlam beynəlxalq münasibətlərin və planetin yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün unikal platformadır. Azərbaycanın 30 illik siyasətini götürüb təhlil etsək görərik ki, daim sülh, qarşılıqlı dialoq və anlaşmanı təşviq edib. Bu gün də qalib olmasına baxmayaraq, yenə də humanist yanaşır məsələlərə, regional faktorları nəzərə alır, beynəlxalq hüququ ön plana çəkir. Qarşısındakı xalq və dövləti heçə saymır. Cənubi Qafqazın mərkəzində yerləşən Azərbaycanın ərazisi və əhali baxımından böyüklüyünü, habelə təbii və iqtisadi potensialını əsas götürərək qeyd etməliyik ki, bu coğrafiyanın arbitrı məhz Bakıdır. Bu imkanlar xüsusunda Azərbaycanın mövqeyi önəmlidir, yeri və rolu əhəmiyyətlidir. Habelə məlum hadisələrdə haqlı tərəfdir. Biz Cənubi Qafqazın sülh evinə, sabitlik adasına çevrilməsində maraqlıyıq. Eyni zamanda 3+3 formatını dəstəkləyirik. Gürcüstanın iqtisadi inkişafına kömək etmişik, ərazi bütövlüyünə hörmətlə yanaşmışıq. Gürcüstan tarixi keçmişi yaxşı bilir düşünürük. Bu yöndə həqiqətin, dar günün dostu Azərbaycanın yanında olacağı qənaətindəyik. Bunun üçün digər katalizator qüvvə və dövlətlərə gərək uymayaq. Öz problemimizi özümüz həll edək. Azərbaycan Prezidenti dediyi kimi gərək müstəqil dövlət kimi, bu məsələni vasitəçi olmadan öz iradəmizlə - xalqın maraqlarına uyğun yekunlaşdıraq. Beynəlxalq aləm, Azərbaycan və Ermənistan, həmçinin vasitəçilərin özü belə 30 illik abstrakt tablonu açıq-aydın şəkildə görüb. Ona görə də Qafqaz Bizim Evimizdir prinsipi ilə tezliklə problem çözülməli və sülh imzalanmalı, hər 3 dövlət gələcəyə birgə baxmalıdır. Azərbaycan regionun aparıcı dövləti olaraq bütün bunları reallaşdırmaq gücündədir”.