"Qarabağ" tarixi qələbə qazandı

"Qarabağ" tarixi qələbə qazandı

"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Azərbaycan çempionu Portuqaliyada "Braqa"nın qonağı olub.

“Munisipal” stadionunda oynanılan görüşü danimarkalı baş hakim Morten Kroq idarə edib. İlk dəfə Avropa Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" səfərdə tarixi qələbə qazanıb - 4:2.

Hesabı 21-ci dəqiqədə Ağdam klubunun yarımmüdafiəçisi Marko Yankoviç açıb. Monteneqrolu futbolçu penalti zərbəsini dəqiq yerinə yetirib. Meydan sahibləri 44-cü dəqiqədə Simon Banzanın vurduğu qolla tarazlığı bərpa ediblər. İlk hissə bu hesabla başa çatıb.

İkinci yarıya da üstün başlayan "Qarabağ" 54-cü dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Abdullah Zubir cərimə meydançasındakı qarışıqlıqdan məharətlə yararlanaraq Mateusun qoruduğu qapıya yol tapıb. Cəmi 9 dəqiqə sonra Olavio Juninyo braqalıları yenidən meydanın mərkəzinə dəvət edib. 69-cu dəqiqədə Zubir özünün 2-ci, komandasının 4-cü qoluna imza atıb. Matçda son nöqtəni 90+1-ci dəqiqədə penaltidən fərqlənən Joau Moutinyu qoyub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.